Azərbaycana daha əvvəlki qədər avtomobil gətirilmir. Bunu əlinin altında hər hansı statistik hesabat olmayanlar da müşahidələr əsasında deyə bilər. Rəsmi rəqəmlər isə bunu təsdiq edir. Azərbaycana gətirilən avtomobillərin sayı 40 faiz azalıb.
Bizimyol.info xəbər verir ki, 2025-ci ilin ilk beş ayında ölkəyə 42 min 786 maşın gətirilmişdi. Bu ilin eyni dövrü ərzində say 26 min 805-ə düşüb.
Say azalmasının bir neçə səbəbini sadalamaq olar. Hər şeydən əvvəl güzəştlərin ləğvini üeyd etmək mümkündür. Taksilərin sayının məhdudlaşdırılması da öz işini görüb. Üstəlik, sosial-iqtisadi vəziyyətin pisləşməsi ümumi prosesə təsirsiz ötüşməyib.
Əslində, hesabatda daha vacib məqam diqqət çəkir. Azərbaycanda avtomobil parkı əhəmiyyətli dərəcədə “qocalıb”. Bazarda təmsil olunan nəqliyyat vasitələrinin orta yaşı 21,1-dir. Daha bir kədərli statistika: orta yürüşü 257,9 min kilometr təşkil edir. Hələ axırıncı göstərici bir az mübahisəli görünür. Bilindiyi kimi, avtomobillərdə yürüş statistikasına müdaxilə olunur. Həmin göstərici xüsusi vasitələrlə azaldılır. Avtomobillərin nəzərəçarpan hissəsində belə olduğunu iddia etmək mümkündür. Nüfuzlu avtomobil servisləri həmişə alqı-satqı zamanı alan şəxslərə bununla bağlı dəqiq rəqəmlər təqdim edir. Əksər hallarda yürüş göstəricisinin azaldıldığı məlum olur. Yəni ölkədə maşınlar daha çox məsafə qət edir.
Məsələn, Avropa İttifaqı ölkələrində avtomobillərin orta yaşı 12,3-dir. İllik orta yürüş isə cəmi 10,8 min kilometrdir. Belə çıxır ki, ümumi orta yürüş 130 min kilometr civarındadır. Rəsmi hesabatla müqayisədə iki dəfə fərq ortaya çıxır.
İnsanlar həm də çarəsizlikdən köhnə maşınların ümidinə qalmalı olur. Xidmət sektorunda az-çox bu nəqliyyat vasitələri işə yarayır. Hərçənd, burada da yeni avtomobillərə ehtiyac artıb.
Mayda hibrid və elektrik avtomobillərinin bazar payı 10 faizdən çox artıb. İstehlakçılar burada səmərəli variantlara üstünlük verməyə çalışıb.
Aytən, Bizimyol.info






