Memar Elçin Əliyev sosial media hesabında yazaraq bildirib ki, Şamil Əzizbəyov küçəsi, 22 ünvanında yerləşən tarixi binanın ətrafı hasarlanıb.
O qeyd edib ki, qarşımızda sadəcə köhnə divarlar deyil-bu, Bakının tarixinin bir hissəsi, xalqın mədəni yaddaşının izləri, şəhəri təkrarsız edən memarlıq irsinin bir hissəsidir:
- “Doğrudanmı kimsə bu memarlıq abidəsini məhv etməyə cəsarət edəcək?
İnanıram ki, ölkə rəhbərliyi şəhərin mərkəzində yerləşən bu nəhəng ərazinin “abadlaşdırılması” tapşırılmış vicdansız və tamahkar icraçıların nə etdiklərindən xəbərsizdir. Çünki belə binaların mümkün sökülməsi barədə qərarın onun nəticələri tam dərk edilərək qəbul oluna biləcəyini təsəvvür etmək çətindir. Biz artıq çoxlu tarixi binalar itirmişik ki, inkişaf və abadlıq adı altında keçmişimizin növbəti abidələrinin yox olmasına sakitcə tamaşa edək.
Bu bina kimlərinsə tamahının, laqeydliyinin və ya peşəkarlıqdan uzaq davranışının növbəti qurbanına çevrilməməlidir. Tarixi məhv etdikdən sonra onu yenidən yaratmaq mümkün deyil”.
Tarixi binanın ətrafının hasarlanması ilə bağlı məlumatınız varmı?
- Bu ərazidə tikinti və ya söküntü işləri aparılması ehtimalını necə qiymətləndirirsiniz?
Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan Memarlar İttifaqı yanında Vətəndaş ictimai hərəkatının başçısı, memar Abdul Hüseynov bildirib ki, bina da çox gözəl memarlıq xüsusiyyətlərinə malikdir: “Çox gözəl tarixi memarlıq binasıdır. Hətta rəsmi olaraq abidə statusu olmasa da, mən onu tarixi memarlıq abidəsi hesab edirəm. Çünki bu bina ilə bağlı 3 il əvvəl Memarlar İttifaqı tərəfindən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə arayışlar göndərilmişdi.

Həmin ərazidə yerləşən Əbilov adına klub binası keçmiş yaşayış evi ilə bağlı da məlumat vermişdik və qeyd etmişdik ki, bu tikili mütləq reyestrə daxil edilməlidir. Çünki o, tariximizi əks etdirən, neft bumu dövründə inşa olunmuş gözəl memarlıq nümunələrindən biridir.
Bu bina da çox gözəl memarlıq xüsusiyyətlərinə malikdir. Həm memarlıq quruluşu, həm də relyef üzərində yerləşməsi baxımından diqqəti cəlb edir”.
Abdul Hüseynov həmçinin vurğulayıb: “Onu da qeyd etmək istəyirəm ki, burada İcra Hakimiyyətinin sakinlərə ünvanladığı cavabda göstərilir ki, ərazidə mövcud olan tarixi memarlıq binaları qəzalı vəziyyətdədir və onların bərpası mümkün deyil. Həmin məktubda qeyd olunur ki, bu binalar reyestrdən çıxarılacaq və dağıdılacaq. Çünki məqsəd həmin ərazidə parkın salınmasıdır.
Mən anlayıram, park vacibdir, ancaq bunu tarixi kontekstin qorunması şərti ilə etmək lazımdır. Düşünürəm ki, bu məsələdə qərar verən və müəyyən səlahiyyətlərə malik olan şəxslər həmin səlahiyyətlərdən düzgün istifadə edəcəklər və bu tarixi memarlıq nümunələrinin sökülməsinə yol verməyəcəklər.
Hər hansı tarixi memarlıq abidəsi daş, ağac və ya digər konstruksiyalardan inşa olunmasından asılı olmayaraq, bərpa və yenidənqurma işləri aparılmaqla gələcək nəsillər üçün qorunub saxlanıla bilər”.
Abdul Hüseynov deyib: “Çoxlu sayda nümunələr göstərə bilərəm ki, tamamilə taxta və ağac konstruksiyalarından tikilmiş binalar bu günə qədər qorunub saxlanılıb. Halbuki ağacda çürümə prosesləri daha sürətli gedir. Hətta ağac konstruksiyası ciddi şəkildə zədələnmiş və çürümüş vəziyyətdə olsa belə, onu bərpa edib qoruyub saxlayırlar. Belə nümunələr kifayət qədərdir.
Burada isə bina tam ağacdan tikilməyib. Sadəcə örtük hissələrində ağac elementlər var, divarlar isə normal, kapital daş konstruksiyalardan ibarətdir. Sadəcə müəyyən təmir və bərpa işləri həyata keçirilməlidir. Beləliklə, bina qorunub saxlanılar, park da müxtəlif təyinatlar üçün uyğunlaşdırılaraq səmərəli şəkildə istifadə oluna bilər”.
Abdul Hüseynov qeyd edir ki, tək bir binanın parkın daxilində saxlanması yad element kimi görünür: “Ümumiyyətlə, demək lazımdır ki, normal halda məhəllədaxili sistem qorunub saxlanılmalıdır. Çünki tək bir binanın parkın daxilində saxlanması onu bir qədər yad element kimi göstərir. Buna nümunə olaraq Təndir hamamını göstərə bilərəm. Bu hamamın hansı icma üçün tikildiyi, neçə min nəfərin ondan istifadə etdiyi artıq bilinmir. Binanın təyinatından onun hamam olduğu aydın olur, lakin hansı icmaya və hansı sıx yaşayış məhəlləsinə xidmət etdiyi hiss olunmur. Çünki həmin mühit artıq yoxdur və bu hissiyyat itib.
Əlbəttə, yaxşı haldır ki, həmin binanı qoruyub saxlayıblar. Amma o hamam binasından başqa, həmin ərazidə onlarla tarixi memarlıq nümunəsi var idi ki, onlar reyestrdən çıxarıldı və dağıdıldı. Bunu saxlamaq olardı və vacibdir”.
Abdul Hüseynov əlavə edib: “Mən həmişə bunu deyirəm: tarixi irsə yeni kontekstdə adaptiv yanaşmaq lazımdır. O demək deyil ki, biz ora qazon sərməliyik və vəssalam, bununla da bitdi. Bunu elə adaptiv şəkildə etmək lazımdır ki, nə tarixi irsimiz zərər görsün, nə də digər tərəf.
Başa düşürəm, ekoloji kontekst var, yaşıllaşdırma vacibdir. Amma eyni zamanda tarixi kontekst də mövcuddur. Ona görə bu məsələyə çox həssas yanaşmaq lazımdır ki, balans pozulmasın”.
Günel Həsənova, Bizimyol.info






