Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dolların hökmranlığı zəifləyir? Qlobal maliyyə sistemində yeni dövr başlayır
Dolların hökmranlığı zəifləyir? Qlobal maliyyə sistemində yeni dövr başlayır

Son illərdə beynəlxalq maliyyə sistemində ən çox müzakirə olunan məsələlərdən biri ABŞ dollarının beynəlxalq iqtisadi nizamdakı rolunun dəyişib-dəyişməməsidir. Dollar uzun onilliklərdir dünya ticarətinin əsas valyutası, beynəlxalq ehtiyatların başlıca forması və qlobal maliyyə axınlarının mərkəzi elementi kimi çıxış edir. Lakin son dövr geosiyasi gərginliklər, iqtisadi transformasiyalar və regional bloklaşma meyilləri bu hegemoniyanın gələcəyi ilə bağlı yeni suallar ortaya çıxarır.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2022-ci ildən sonra Rusiya–Ukrayna müharibəsi qlobal maliyyə sistemində ciddi dönüş nöqtəsi yaratdı. Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalar, bəzi valyuta ehtiyatlarının dondurulması və beynəlxalq ödəniş sistemlərinə çıxışın məhdudlaşdırılması bir çox ölkələrdə “maliyyə təhlükəsizliyi” anlayışını yenidən gündəmə gətirdi. Nəticədə bir sıra dövlətlər dollar aktivlərindən asılılığın risklərini daha açıq şəkildə görməyə başladılar.

Bu proses ‘de-dollarizasiya’ kimi adlandırılan tendensiyanın sürətlənməsinə səbəb oldu. Xüsusilə BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında milli valyutalarla ticarətin genişləndirilməsi və alternativ hesablaşma mexanizmlərinin yaradılması istiqamətində müzakirələr intensivləşdi. Eyni zamanda Çin və bəzi digər iqtisadiyyatlar beynəlxalq ticarətdə yuanın rolunu artırmağa çalışdılar”, – deyə iqtisadçı bildirib. Lakin bütün bu təşəbbüslərə baxmayaraq, dolların beynəlxalq mövqeyi hələ də dominant olaraq qalmaqdadır. Dünya valyuta ehtiyatlarının böyük hissəsi ABŞ dollarında saxlanılır və beynəlxalq ticarətin əsas hissəsi, xüsusilə enerji və xammal bazarları hələ də dollarla qiymətləndirilir. ABŞ maliyyə bazarlarının dərinliyi və ABŞ dövlət istiqrazlarının yüksək likvidliyi dolları alternativsiz maliyyə alətlərindən biri kimi saxlayır.

Son dövr geosiyasi hadisələr onu göstərdi ki, dollar paradoksal şəkildə həm təzyiq, həm də güc faktoru kimi çıxış edir. Bir tərəfdən münaqişələr və sanksiyalar sistemdə alternativ axtarışlarını artırır, digər tərəfdən isə beynəlxalq risklərin yüksəlməsi dolların ‘təhlükəsiz liman’ statusunu daha da gücləndirir. Xüsusilə Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən İran–İsrail–ABŞ xəttindəki gərginlik investorların risk dövrlərində yenidən ABŞ dollarına yönəlməsinə gətirib çıxardı”, – deyə iqtisadçı bildirib ki, 2024–2026-cı illər ərzində beynəlxalq iqtisadiyyatda müşahidə olunan əsas meyillərdən biri də mərkəzi bankların davranışında dəyişiklikdir. Bir sıra ölkələr qızıl ehtiyatlarını artırmaqla yanaşı, dollar aktivlərinin strukturunu daha diversifikasiya etməyə çalışırlar. Bu isə dolların sistemdən çıxarılması deyil, daha çox risklərin balanslaşdırılması kimi qiymətləndirilməlidir.

İqtisadçı vurğulayıb ki, ABŞ iqtisadiyyatının daxili problemləri də diqqət mərkəzində qalır: dövlət borcunun yüksək səviyyəsi, büdcə kəsirlərinin davam etməsi və faiz dərəcələrinin uzun müddət yüksək qalması maliyyə sistemində müəyyən təzyiqlər yaradır.

Lakin bu amillərin hələlik dolların beynəlxalq liderliyini sarsıdacaq səviyyədə olduğunu düşünmürəm.”

Beynəlxalq maliyyə sistemində alternativ valyutaların tam güclənməsi də bir sıra struktur maneələrlə üzləşir. Avrozonada iqtisadi və siyasi inteqrasiyanın tam olmaması, Çin yuanının kapital hərəkətinə dair məhdudiyyətləri və digər valyutaların məhdud qlobal təsiri dolların alternativsiz mövqeyini hələ də qoruyur.

İqtisadçı əlavə edib ki, Yaxın Şərqdə baş vermiş gərginliklər və İran–İsrail–ABŞ xəttindəki müharibə qlobal maliyyə bazarlarında dollar tələbinə təsir göstərib. Enerji qiymətlərindəki dalğalanmalar və ticarət marşrutları ilə bağlı qeyri-müəyyənliklər investorları yenidən dollar aktivlərinə yönəltdi. Bu isə dolların geosiyasi böhran dövrlərində yenidən güclənən valyuta olduğunu göstərir.

Uzunmüddətli perspektivdə baxdıqda, beynəlxalq iqtisadi sistemin daha çoxqütblü bir struktura doğru irəlilədiyi müşahidə olunur. İqtisadçının fikrincə, ABŞ, Çin, Avropa Birliyi, Hindistan və digər güc mərkəzləri arasında artan iqtisadi rəqabət beynəlxalq valyuta sistemində də diversifikasiyaya səbəb ola bilər. Rəqəmsal valyutaların inkişafı və mərkəzi bank rəqəmsal pullarının (CBDC) tətbiqi də bu transformasiyanı sürətləndirə biləcək amillər sırasındadır.

Dolların yaxın dövrdə qlobal maliyyə sistemində lider mövqeyini itirməsi ehtimalı aşağı olaraq qalır. Lakin eyni zamanda əvvəlki onilliklərlə müqayisədə onun alternativsiz statusu tədricən zəifləməkdədir. Müasir dünya iqtisadiyyatı artıq ‘tam dollar asılılığı’ mərhələsindən çıxaraq daha mürəkkəb və çoxqütblü maliyyə sisteminə doğru keçid edir”, – deyə iqtisadçı bildirib. O vurğulayıb ki, dollar bu gün həm gücünü qoruyan, həm də dəyişən qlobal reallıqlara uyğunlaşmağa məcbur olan valyuta kimi çıxış edir. Onun gələcəyi isə təkcə iqtisadi göstəricilərdən deyil, həm də Ukrayna müharibəsinin gedişindən, Yaxın Şərqdəki geosiyasi sabitlikdən və ABŞ–Çin rəqabətinin necə formalaşacağından birbaşa asılı olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »