Göygöl rayon sakini olan III qrup əlil Emin Şərifov cəmi 180 manat təqaüd alır. O, dolana bilməməsindən, hər iki gözünün nurunu itirmiş əlil anasının pensiyasının ümidinə qalmasından gileylənir.
1984-cü il təvəllüdlü Emin Şərifovun özü də eşitmə çətinliyindən əziyyət çəkir. O, Bizimyol.info xəbər portalına danışır ki, aldığı təqaüd nəinki müalicəsinə, heç yeməyinə çatmır. Bu səbəbdən uzun müddətdir iş axtarır. O, əvvəllər “DOST İş Mərkəzi” MMC-nin göndərişi əsasında Göygöl Mənzil Kommunal Təsərrüfat Birliyinin Yaşıllaşdırma şöbəsində işləyib. 2019-cu ilin fevral ayından bağbanlıq etməklə dolanışığını təmin etdiyini deyən Emin Şərifovun sözlərinə görə, 2025-ci ilin yanvarında bu işini itirib: “Mənimlə müqaviləyə xitam verildi. Nə qədər yalvardım, uzatmadılar. Dedilər ki, “DOST İş Mərkəzi” bağlanıb. O vaxtdan bu yana il yarıma yaxındır ki, işsizəm, çox ağır vəziyyətdəyəm. Atam dünyasını dəyişib, 74 yaşlı gözdən əlil anam var, onun pensiyasının ümidinə qalmışam. Təsəvvür edə bilmirəm ki, anama nəsə olsa, mənim aqibətim necə olacaq? Bu il yarım ərzində iş üçün hara mümkündürsə, müraciət eləmişəm. Məşğulluq Xidmətindən tutmuş, icra hakimiyyətinə qədər...”
42 yaşlı Emin Şərifov bildirir ki, həm yaşadığı Göygöl rayonunda, həm də Gəncə şəhərində keçirilən Əmək yarmarkalarında da dəfələrlə iştirak edib, özünə iş tapmağa çalışıb. Amma bu cəhdləri də nəticəsiz qalıb: “Adı var ki, işsizlər üçün “Əmək yarmarkası” keçirildi, amma heç bir xeyri yoxdur. Bəzən Məşğulluq Xidməti mənə kəndlərdə iş təklif edir. Ora da gedib-gələ bilmirəm. Çünki nə maşınım var, nə də taksi ilə gedib-gəlmək üçün imkanım. Mən rayonun özündə yaşayıram axı, kəndlərə taksi ilə gedib-gəlmək bir aləm puldur. Yaxud da dəyirmanda iş vardı, o da ağır oldu. Mən əlil adamam. Əvvəl bağban işləmişəm. Bir müddət əvvəl “Məşğulluq”dan məni Gəncədəki Humanitar kollecə gözətçi işinə göndərdilər. Getdim, dedim ki, məni Göygöldən göndəriblər. Dedilər ki, bizdə gözətçi işi yoxdur. Boş yerə neçə saat gözlətdilər, axırı da belə oldu, çıxıb gəldim. Bəzən də deyirlər ki, “iş olanda çağırarıq”. Heç çağırmırlar, sadəcə, yola verirlər adamı”.
Emin Şərifov onu da qeyd edib ki, Göygöl rayonunun həm əvvəlki icra başçısının, həm də 2025-ci ilin noyabrında təyin olunan yeni icra başçısı Vüqar Novruzovun qəbulunda olub. Bu görüşlər zamanı rayon rəhbərliyinə acınacaqlı vəziyyətdə olduğunu çatdırıb, iş tapmaqda köməklik göstərilməsini istəyib: “Əvvəlki icra başçısının qəbulunda üç dəfə olmuşam, anamla birlikdə getmişdik. Bu ilin fevral ayında da təzə icra başçısının qəbulunda olmuşam. Yalvarıb iş istəyirəm. Dedim ki, kommunal təsərrüfat birliyi icra hakimiyyətinə tabedir, orada mənə bir iş verin, işləyim, heç olmasa, zəruri ehtiyaclarımı ödəyə bilim. İcra başçısı dedi ki, “kommunal”ın öz işçiləri olur. İcra başçısının qəbuluna yenə yazılmıaşm. Amma çağırmırlar. Qalmışam çarəsiz vəziyyətdə”.
Dövlət Məşğulluq Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumdur. Bu qurumun müxtəlif rayonlarda yerli xidmətləri fəaliyyət göstərir.
Millət vəkili Fazil Mustafa da bir müddət əvvəl Milli Məclisin iclasında məşğulluq xidmətlərinin effektli olmadığını, insanların işlə təmin olunmasına kömək etmədiyini bildirmişdi: “Bizə iş üçün müraciət edənləri Məşğulluq İdarəsinə göndəririk. “Məşğulluq” da başından eləyir. Orada yalandan, qeyri-müəyyən bir iş təklif eləyirlər. Nəticədə adam işlə təmin olunmur. İşsizlərin də sayı artır”.
Deputat əlavə etmişdi ki, işsizlərin işlə təmin olunması üçün fərqli mexanizm olmalıdır.
Aytən, Bizimyol.info






