İnsanlar süni intellektin işini əlindən alır.
Bu barədə sosial media hesablarında yazılıb.
Süni intellektin gətirdiyi məhsuldarlıqla yanaşı, şirkətlər üçün yaratdığı yüksək maliyyə yükü ciddi problemlər formalaşdırmağa başlayıb.
Microsoft şirkəti Anthropicin təqdim etdiyi və yüksək xərcləri ilə seçilən “Claude Code” alətinin daxili lisenziyalarını kütləvi şəkildə ləğv edib. Bunun əvəzində şirkət işçiləri öz məhsulu olan və daha sərfəli hesab edilən GitHub Copilot CLI alətinə yönləndirib.
O da bildirilib ki, Uberin Texnologiya üzrə Baş Direktoru 2026-cı il üçün nəzərdə tutulmuş süni intellekt büdcəsini ilin ilk aylarında tam xərclədiklərini etiraf edib.
Hətta NVIDIA-nın “Deep Learning” üzrə vitse-prezidenti də komandası üçün süni intellekt xərclərinin artıq insan işçilərə çəkilən xərcləri üstələdiyini təsdiqləyib.
- Süni intellektin yüksək xərcləri onun inkişafına necə təsir edəcək?
Bu barədə Bizimyol.info xəbər portalına danışan İKT mütəxəssisi Elvin Həsənov bildirib ki, AI sistemlərinin işləməsi üçün çox ciddi infrastruktur lazımdır: “Ümumiyyətlə son vaxtlar süni intellektlə bağlı müzakirələrdə bir məqam çox diqqətdən kənarda qalır. İnsanlar əsasən AI-nin hansı peşələri əvəz edəcəyindən danışırlar, amma artıq böyük texnologiya şirkətləri başqa bir sualla üz-üzə qalıblar. Hansı ki, bu texnologiyanı uzunmüddətli istifadə etmək iqtisadi baxımdan nə qədər sərfəlidir?! Süni intellektə bəzən elə yanaşılır ki, guya bir dəfə tətbiq edildi və bütün problemlər həll olundu. Əslində isə AI sistemlərinin işləməsi üçün çox ciddi infrastruktur lazımdır. Böyük hesablama gücü, məlumat mərkəzləri, yüksək enerji sərfiyyatı, lisenziyalar və daimi yenilənmə xərcləri mövcuddur. Bu səbəbdən bəzi şirkətlər artıq süni intellektdən necə istifadə etməyi yox, harada istifadə etməyi hesablayırlar”.
Elvin Həsənov deyib: “Mən hesab edirəm ki, bu vəziyyət AI üçün təhlükə yox, əksinə inkişafın növbəti mərhələsidir. Çünki texnologiya tarixində ilk dəfə deyil ki, yeni texnologiya böyük xərclərlə başlayır. Bir zamanlar internet infrastrukturu da çox bahalı idi, bulud texnologiyaları da şirkətlər üçün böyük xərc hesab olunurdu. Sonradan bazar formalaşdı, rəqabət artdı və qiymətlər aşağı düşdü”.
Elvin Həsənov həmçinin vurğulayıb: “Bu gün süni intellekt sahəsində də oxşar proses gedir. Şirkətlər artıq daha güclü model yaratmaqdan çox, daha səmərəli model yaratmağa çalışırlar. Yəni gələcəkdə qalib gələn texnologiya ən ağıllı yox, ən optimal texnologiya olacaq. Bu bir növ əvvəllər şirkətlər süni intellektə nə qədər çox istifadə etsək, bir o qədər yaxşıdır kimi baxırdılarsa, indi isə harada istifadə etsək, daha çox fayda verər sualını verməyə başlayıblar. Ən vacib məqam isə, bu kimi xəbər məlumatları artıq bir mifin də dağılmasına səbəb olur. Hansı ki, uzun müddət AI bütün insanları əvəz edəcək fikri səsləndirilirdi.
Ancaq indi görünən odur ki, bəzi hallarda təcrübəli mütəxəssisin işi həm daha ucuz, həm də daha effektiv ola bilir. Bu səbəbdən yaxın gələcəkdə insan və süni intellekt arasında rəqabətdən çox əməkdaşlıq modelinin inkişaf edəcəyini düşünürəm”.
Günel Həsənova, Bizimyol.info






