ABŞ-ın Konnektikut ştatından olan demokrat senator Kris Mörfi bildirib ki, Tehranla mümkün sazişin bağlanması əslində ABŞ-ın İranın şərtləri ilə təslim olması anlamına gəlir.
Bizimyol.info xəbər verir ki, bu barədə Mörfi "X" sosial şəbəkəsində yazıb.
“Yekun sazişin imzalanıb-imzalanmayacağını heç kim bilmir. Amma əgər bu baş verərsə, eyni vaxtda iki həqiqət qüvvədə olacaq: mahiyyət etibarilə bu, İran qarşısında kapitulyasiyadır. Bununla belə, buna sevinməliyik, çünki bu mənasız və qanunsuz müharibə davam etdikcə hər gün daha da zəifləyirik”, – deyə o qeyd edib.
Senator əlavə edib ki, “bu fəlakətli müharibənin başa çatması, şərtlər nə qədər alçaldıcı olsa da, müsbət haldır”.
“Lakin yanılmayın: bunlar İranın şərtləridir. Tehran yalnız bir güzəştə gedib – Hörmüz boğazını açıq saxlayıb. Əslində bu da güzəşt deyil, çünki boğaz müharibədən əvvəl də açıq idi. İndi isə İran göstərib ki, ABŞ onun boğazı bağlamasına mane ola bilməz və bu da Tehranın təsir imkanlarını artırır”, – deyə demokrat senator vurğulayıb.
Mörfi qeyd edib ki, İranın dondurulmuş aktivlərinin açılması faktiki olaraq Vaşinqtonun boğazın açıq qalması müqabilində Tehrana ödəniş etməsi deməkdir. Onun sözlərinə görə, İran başqa heç bir yeni güzəştə getməyib. Senator hesab edir ki, Tehranın nüvə silahı yaratmamaq vədi də yeni öhdəlik sayıla bilməz, çünki bu, hələ İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) şərtlərində əks olunmuşdu.
Senatorun fikrincə, ABŞ Prezidenti Donald Tramp administrasiyası bu müharibədə elan etdiyi məqsədlərin heç birinə nail olmayıb.
“İranda hakimiyyət hələ də sərt xətt tərəfdarlarının əlindədir. Onlar ABŞ-ın ən güclü zərbəsinə tab gətirdilər və Hörmüz boğazını bağlamaq imkanına malik olduqlarını nümayiş etdirdilər. Nəticədə müharibədən əvvəlkindən daha güclü vəziyyətə gəliblər. İranın hələ də raketləri, pilotsuz uçuş aparatları və nüvə proqramı mövcuddur”, – deyə Mörfi yazıb.
O, həmçinin yekun sazişin ümumiyyətlə imzalanmaması ehtimalının yüksək olduğunu və bu halda ABŞ-ın yaxın vaxtlarda hərbi əməliyyatları yenidən başlatmalı ola biləcəyini bildirib.
Daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılığın əldə olunduğunu təsdiqləyiblər. Bildirilir ki, sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.
İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində tərəflər, o cümlədən Tehranın nüvə proqramını müzakirə edəcəklər.
Qadir, Bizimyol.info






