ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazının yenidən kommersiya gəmiçiliyinə açılmasını nəzərdə tutan razılığa gəldiklərini elan ediblər.
Bizimyol.info xəbər verir ki, İranın "Mehr" agentliyinin məlumatına görə, sənəd layihəsində dəniz blokadasının aradan qaldırılması, neft sektoruna tətbiq olunan məhdudiyyətlərin yumşaldılması, İranın dondurulmuş aktivlərinin açılması və nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi də əks olunub.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehranla əldə olunan razılaşma artıq tamamlanıb. Danışıqlarda vasitəçi qismində çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif isə tərəflərin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiyini bildirib.
“Hər iki tərəf bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və qəti şəkildə dayandırıldığını elan edib”, – deyə Şərif bildirib.
Onun sözlərinə görə, atəşkəs Livan ərazisini də əhatə edəcək.
Donald Tramp "Truth Social" platformasında paylaşdığı açıqlamada Hörmüz boğazının açılmasına və İran limanlarına tətbiq olunan dəniz blokadasının aradan qaldırılmasına icazə verdiyini bildirib. ABŞ prezidenti dünya gəmiçilik şirkətlərinə müraciət edərək “Dünyanın bütün gəmiləri, mühərriklərinizi işə salın” ifadəsini işlədib və əlavə edib: “Qoy neft axsın!”
Daha sonra Tramp dəqiqləşdirib ki, boğazın açılması iyunun 19-da razılaşma imzalandıqdan sonra baş tutmalıdır. O bildirib ki, bunun üçün mina təmizləmə işlərinin aparılması da zəruridir.
Mehr agentliyi ABŞ və İran arasında hazırlanmış memorandum layihəsinin əsas bəndlərini də dərc edib. Bununla belə, qeyd olunur ki, sənəd hələ İranın aidiyyəti qurumlarında müzakirə olunmalı və yekunlaşdırılmalıdır.
Layihəyə əsasən, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibə dərhal və daimi olaraq dayandırılmalıdır. Sənəddə ABŞ-ın İranın daxili işlərinə qarışmamaq, İslam Respublikasının suverenliyinə hörmət göstərmək, 30 gün ərzində dəniz blokadasını tam ləğv etmək və İran ətrafındakı bölgələrdən öz qüvvələrini çıxarmaq öhdəliyi də yer alıb.
"Mehr"in məlumatına görə, Hörmüz boğazı 30 gün ərzində “İranın müəyyən etdiyi mexanizmlər çərçivəsində” açılmalıdır. İran nümayəndə heyətinin müşaviri Mehdi Məhəmmədi bildirib ki, İran və Oman boğazda təhlükəsizlik, naviqasiya və digər xidmətlərə görə rüsum toplamaq hüququnu saxlayacaq.
Saziş layihəsinin iqtisadi hissəsi neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına tətbiq olunan sanksiyaların dayandırılmasını, həmçinin İranın maliyyə resurslarına tam çıxış əldə etməsini nəzərdə tutur.
Agentlik həmçinin ABŞ və müttəfiqlərinin İranın bərpası üçün ən azı 300 milyard dollar dəyərində proqram təqdim etməyi planlaşdırdıqlarını bildirib.
Layihədə tərəflərin 60 gün ərzində nüvə proqramı ilə bağlı yekun razılaşmanı, ABŞ sanksiyalarının tam ləğvini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və MAQATE İdarəçilər Şurasının qərarlarının gələcək taleyini müzakirə etməsi nəzərdə tutulur.
Bu müddət ərzində Vaşinqtonun bölgədə hərbi mövcudluğunu artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi götürdüyü iddia olunur.
"Mehr" agentliyinin məlumatına görə, 60 günlük dövr ərzində İranın dondurulmuş 24 milyard dollarlıq vəsaiti də açılmalıdır. Həmin məbləğin yarısının yekun danışıqlar başlamazdan əvvəl Tehranın istifadəsinə verilməsi planlaşdırılır.
Yekun saziş BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməlidir. Eyni zamanda, İranın raket proqramı və “müqavimət qruplarına” dəstək məsələləri danışıqlar gündəliyindən kənarda saxlanılıb.
Qadir, Bizimyol.info






