Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kənd təsərrüfatı ilə bağlı dövlət proqramları yerinə yetirilmir
Kənd təsərrüfatı ilə bağlı dövlət proqramları yerinə yetirilmir

Kənd təsərrüfatı ilə bağlı gözləntilər böyük idi. Hesab olunurdu ki, bu sahə qeyri-neft sektorunda xüsusilə fərqlənəcək, ölkə iqtisadiyyatına ciddi töhfə verəcək. Əlbəttə, ayrı-ayrı məhsulların faydası dəydi, amma kənd təsərrüfatı ilə bağlı gözləntilər özünü doğrultmadı. Son illər yalnız yerimizdə saymışıq.

Bizimyol.info xəbər verir ki, Azərbaycan son 10 ildə kənd təsərrüfatı məhsullarının idxalını 2,6 dəfə artırmalı olub. Halbuki rəsmi açıqlamalarda bu illər ərzində böyük islahatlar aparıldığı bildirilir. Fakt ortadadır: kənd təsərrüfatı idxaldan daha çox asılı olmağa başlayıb.

Həqiqətən də, ciddi islahatlar aparılıbsa, yaxşı nəticələr əldə olunubsa, Azərbaycan indi özünü, heç olmasa, meyvə-tərəvəzlə, ətlə tam təmin etməli idi. Bəs reallıq nədir? 2025-ci ildə ətlə təminat 50 faizdən az olub. Özümüzü əsas tərəvəz məhsullarından olan kartofla 55,9 faiz təmin etmişik. Belə təəssürat var ki, yumurta haqqında bədbin danışmaq olmaz. Halbuki burada da tam təminat yoxdur. Azərbaycan özünü 67 faiz yumurta ilə təmin edir.

Əslində, qəbul edilən dövlət proqramlarının heç biri yerinə yetirilməyib. Gəlişigözəl sözlərin iqtisadiyyata faydası yoxdur. Fındıqçılıqla bağlı dövlət proqramı isə, ümumiyyətlə, qəbul edilməyib. Bir neçə fakta diqqət yetirək. Kənd təsərrüfatı funksionerləri bölgələrdə keçirlən müşavirələrdə şərabçılıqda istehsal və ixrac potensialının əhəmiyyətli dərəcədə artdığını dilə gətirirlər. Halbuki bu sektorda istehsal da, ixrac da dəfələrlə azalıb. Balıqçılıqda müsbət dinamikadan söz açılır. Burada cəmi 34,9 faiz təminatdan danışmaq mümkündür.

Kənd təsərrüfatı ilə bağlı ciddi tədbirlər planı həyata keçirilməlidir. Pafosdan uzaq islahatlara ehtiyac var. İlin ilk dörd ayının göstəriciləri də ən yaxşı halda yerimizdə saydığımızı, hətta gerilədiyimizi ortaya qoyur. Kartof, yumurta istehsalı niyə azalmalıdır? Ölkə özünü zəruri yeyinti məhsulları ilə təmin etməyi bacarmalıdır. Azərbaycanın həmişə nefti olmayacaq. Onsuz da hasilat azalır. Kənd təsərrüfatının inkişafına böyük ehtiyac duyulur. İstehsal o qədər qənaətbəxş olmalıdır ki, daha çox ixrac haqqında düşünməliyik.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »