Yaxın Şərqdəki gərginlik neft qiymətlərinin yalnız artmasına xidmət edə bilər. Bunun nəticəsidir ki, Azərbaycan təbii sərvətinin bir barelini fevralın sonlarından bəri 100 dollardan ucuz satmır. Belə artım büdcə üçün nəfəslik rolunu oynayır. Ölkəyə daha çox pul gəlməsinə yalnız sevinmək olar. Amma hasilat da dayanmadan azalır.
Bizimyol.info xəbər verir ki, OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) hesabatı Azərbaycanın getdikcə daha az neft əldə etdiyini göstərir. May üçün gündəlik hasilat 458 min barel olub. İlin ilk rübünün ümumi göstərici isə 454 min bareldir.
Azərbaycanın “OPEC+” sazişi çərçivəsində 2025-ci il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edib. Beləliklə, bizim ölkə keçən il kvotaya çata bilməyib. Gündəlik hasilatda 91 min barel geri qalmışıq.
Əslində, 2025-ci ildə də geriləmə olmuşdu. Bundan əvvəlki ildə göstərici 21 min barel yüksək idi.
Qarşımıza 2018-ci ilin noyabrındakı hesabat çıxdı. Bu hesabat neft hasilatının necə sürətlə azaldığını daha aydın göstərir. Təsəvvür edin, onda gündəlik xam neft hasilatı 717 min barel imiş. Geridə qalan müddətdə təxminən 36 faiz azalma qeydə alınıb.
Hələ on il əvvəl dünyada neft bolluğu yaşananda OPEC bir çox ölkələrlə yanaşı Azərbaycana da müraciət edirdi ki, hasilat aşağı salınsın. Çünki bolluq qiymətlərə təsir göstərirdi. İndi isə bizim üçün vəziyyət çox dəyişib. Hətta kvotaya çatmaq belə, problemdir.
Bizi nə gözləyir? Neft hasilatı, uyğun olaraq neft gəlirləri getdikcə azalacaq. Bunun qarşısını almaq mümkün deyil. Bölgədə bəzi münaqişələr yalnız müvəqqəti nəfəslik rolunu oynamaqda davam edəcək. Ümumilikdə, belə hadisələr bizi xilas edə bilməz. Qiymətlər bəzən yüksək olsa da, hasilatın sürətlə azalması çarəsiz durum yaradır. Bunu əvvəllər də yazmışıq ki, qeyri-neft sektoru inkişaf etdirilməli, aqrar sənayeyə xüsusi diqqət ayrılmalıdır. Həmin sektoru zamanında inkişaf etdirmədik. Kənd təsərrüfatı ilə bağlı vəziyyət isə qənaətbəxş deyil. Bir sözlə, bizi yaxşı şeylər gözləmir.
Aytən, Bizimyol.info






