Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kardioloq Üzeyir Rəhimov: “Aspirini öncədən qəbul etmək ürək-damar hadisələrinin qarşısını önləməz”
Kardioloq Üzeyir Rəhimov: “Aspirini öncədən qəbul etmək ürək-damar hadisələrinin qarşısını önləməz”

Aspirin və başqa qan durulaşdırıcılar uzun məsafəli uçuşlar zamanı venoz trombozun qarşısını almağa kömək etmir - belə vəziyyətlərdə qoruyucu təsir göstərdiyinə dair ümumi inanc doğru deyil.

Bizimyol.info Xitab24.az - a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dörd saatdan çox davam edən uçuşlar qan laxtalanması riskini iki-dörd dəfə artırır.

Məlumata görə, aspirin arterial qan laxtalanmasının qarşısını almaq üçün istifadə olunur ki, bu da infarkt və ya insult kimi xəstəliklərə səbəb ola bilər. Təyyarədə uzun müddət oturma zamanı əsas risk qan axınının azalması səbəbindən ayaqların damarlarında qan laxtalanmasının əmələ gəlməsidir və belə hallarda dərman etibarlı qoruma təmin etmir.

Tromboz riskini azaltmaq üçün həkimlər kompressiya corabları və ya corabları geyinməyi, lakin enişdən sonra ən azı bir neçə saat onları çıxarmamağı tövsiyə edir.

  • Aspirin uzun uçuşlarda trombozdan qoruyurmu və kimlər üçün ümumiyyətlə tövsiyə olunur?

Bu barədə Bizimyol.info xəbər portalına danışan tanınmış kardioloq, tibb elmləri üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov bildirib ki, qan durulaşdırıcı dərmanlar yalnız ürək tac damarlarında yaranan tromblarda faydalıdır: “Aspirini öncədən qəbul etmək ürək-damar hadisələrinin qarşısını önləməz.

Ümumiyyətlə, aspirin və klopidogrel kimi qan durulaşdırıcı dərmanlar yalnız ürək tac damarlarında (koronar damarlarda) yaranan tromblarda faydalıdır. Eyni zamanda ayaq arteriyalarında və ya beyinə gedən arteriyalarda daralma varsa faydalıdır. Yəni damarda 50%-dən yuxarı daralma varsa, aspirinin qoruyucu təsiri var və qəbul edilməlidir. Bundan aşağı hallarda istifadəsinin heç bir faydası yoxdur.

Uzun məsafəli uçuşlara gəldikdə, 4-6 saat və daha uzun, xüsusilə transatlantik və transokean uçuşlarda tromboz yaranma ehtimalı yüksəlir. Lakin bu, hər kəsdə baş vermir. Qeyd etdiklərim bütün insanlar üçün keçərli deyil, yalnız bəzi risk qruplarına aiddir”.

Üzeyir Rəhimov deyib: “Risk qrupuna ciddi venoz problemləri olan şəxslər, venoz çatışmazlıqdan və ya ağır varikoz xəstəliyindən əziyyət çəkənlər daxildir. Həmçinin əvvəllər vena əməliyyatı keçirmiş, tromboemboliya - yəni ağciyərə laxta atılması olan şəxslər, eləcə də yaşlı, hərəkətsiz və yeni əməliyyat olunmuş insanlar da risk qrupundadır. Məsələn, xarici ölkədə əməliyyat olunub geri qayıdan şəxslərdə tromb yaranma ehtimalı daha yüksək olur.

Ona görə bu kimi hallarda uzun yol səfəri edən insanlara ilk növbədə varikoz corabı geyinməyi tövsiyə edirik. Varikoz corabının geyinilmə qaydası vacibdir: onu uçacağı günü səhər, yataqdan qalxmadan, bədənin hələ uzanıqlı vəziyyətində geyinmək lazımdır. Yəni əl-üz yuyulmadan, ayağa qalxmadan əvvəl geyinilməlidir. Niyə? Çünki yatarkən ayaq venalarında qan boşalır və damar daxilində təzyiq azalır. Ayağa qalxıb sonra corab geyinildikdə artıq genişlənmiş damarlara qan daha çox yığılır, təzyiq artır və bu halda corabın geyinilməsi heç bir işə yaramayacaq. Damarda qalan artıq qan isə tromblaşa bilər. Ona görə səhər oyanan kimi, ayağa qalxmadan corab geyinilməlidir”.

Üzeyir Rəhimov əlavə edib: “Əgər tromb varsa, bu şəxslərdə xüsusi dərmanlar istifadə olunur, biz onlara oral antikoaqulyantlar deyirik. Covid dövründə istifadə etdiyimiz ksarelto (rivaroksaban, apiksaban) kimi dərmanlar buna misaldır. Mən 2 gün öncə risk qrupuna aid pasiyentlərimə bu dərmanları yazıram. Dərmanı uçuşdan 2 gün öncədən qəbul etmələri kifayətdir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »