Azərbaycanda boşandıqdan sonra yenidən eyni şəxslə ailə quran cütlüklərin sayı məlum olub.
Bizimyol.info xəbər verir ki, bununla bağlı Milli.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, 2025-ci ildə ümumilikdə 1008 nəfər əvvəllər nikahda olduğu və sonradan boşandığı şəxslə yenidən nikaha daxil olub.
- Boşanıb sonra eyni şəxslə yenidən evlənmək hansı səbəblərdən baş verir?
- İnsanlar bunu niyə edir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan sosioloq Elçin Bayramlı bildirib ki, bu, əsasən sonradan yaranan peşmançılığın nəticəsidir: “Belə hallar var və bu, bir çox səbəblərlə bağlıdır. Mən hesab edirəm ki, bu, əsasən sonradan yaranan peşmançılığın nəticəsidir. Son dövrlərdə insanların psixologiyası dəyişib, ailəyə oyun-oyuncaq kimi yanaşırlar. Adi münaqişə və mübahisə zamanı boşanmaya yol verilir. Çox keçmədən isə peşman olurlar, sonrakı həyatları istədikləri kimi alınmır və səhv etdiklərini anlayırlar. Bəzən yenidən ailələrinə qayıdır və münasibətlərini davam etdirirlər.
Bu, normal hal olsa da, yaxşı olar ki, boşanmalara bu qədər barmaqarası yanaşılmasın, ailə dəyərlərinə bu dərəcədə dırnaqarası baxılmasın. Hər xırda mübahisəyə görə boşanmalar baş verməsin ki, sonradan peşmançılıq yaranmasın. Bu cür hallar ailə nizamının pozulmasına da səbəb olur”.
Elçin Bayramlı əlavə edib: “Bəzi boşanan şəxslər sonradan müvəqqəti olaraq ya biri, ya hər ikisi kimləsə ailə qururlar. Daha sonra yenidən ailə qurduqda isə əvvəlki ailə məhrəmiyyəti və ailə dəyərləri müəyyən qədər nə qədər bərpa olunmağa çalışılsa da zəifləmiş olur.
Bu baxımdan, evlilik məsələsində daha məsuliyyətli yanaşmalı, mühafizəkar olmalıyıq və mövqe ailə dəyərlərimizi qoruyub saxlamalıyıq”.
Günel Həsənova, Bizimyol.info






