Dəniz mövsümü yaxınlaşdıqca sahil xətti yenidən insanların axını ilə canlanır, yay planları artıq gündəmlərə yerləşir. İsti havalar təkcə istirahət deyil, həm də təhlükəsizlik qaydalarını xatırladır – hər il eyni risklər təkrar olunur. Çimərliklərdə izdiham artdıqca məsuliyyətli davranışın önəmi daha da yüksəlir. Bu yay da dəniz sadəcə istirahət yox, həm də diqqət və ehtiyat tələb edən bir məkan olacaq.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, çimərlikdə təhlükəsizlik məsələsi ciddi yanaşma tələb edən bir sahədir və bu problem bütün dünyada aktualdır.
“Statistik məlumatlara görə, hər il dünyada 370–400 min insan sularda boğularaq həyatını itirir. Bu göstərici ümumi bədbəxt hadisələr nəticəsində ölüm hallarına görə təxminən üçüncü yerdədir. Ona görə bu çox ciddi məsələdir və ümumilikdə suda boğulan insanların 95 faizindən çoxu nəzarətsiz çimərliklərin payına düşür”, – deyə ekspert bildirib. O qeyd edib ki, nəzarətsiz çimərliklər dedikdə xilasetmə xidməti olmayan ərazilər nəzərdə tutulur.
Elmar Nurəliyev vurğulayıb ki, çimmək üçün nəzərdə tut⁷ulmayan su hövzələri — göllər, çaylar, arxlar, su anbarları, dəniz və okean sahilləri — böyük risk daşıyır və insanların həyat və sağlamlığı üçün təhlükəlidir. Bu, birmənalı şəkildə belə qəbul edilməlidir.
Ekspert hesab edir ki, boğulma hallarının 70 faizdən çoxu əlverişsiz hava şəraitinin payına düşür. Xüsusilə küləyin sürəti saniyədə 10–12 metri keçərsə, artıq çimərliyə getməmək lazımdır. Ona görə insanlar çimərliyə getməyi planlaşdırarkən bu amilə mütləq diqqət etməlidirlər.
“Beş qızıl qayda isə belədir: birinci, əlverişsiz hava şəraitində çimərliyə getməmək; ikinci, xilasetmə xidməti olmayan çimərliklərə getməmək; üçüncü, üzmə sərhədlərini keçməmək; dördüncü, spirtli içkinin təsiri altında suya girməmək; beşinci isə uşaqları nəzarətsiz buraxmamaq”, – deyə ekspert bildirib və əlavə edib ki, bu qaydalara əməl etmək boğulma riskini minimuma endirir.
Ekspert qeyd edib ki, Xəzərin 825 km-lik sərhədinin hər yerində nəzarət və ya xilasetmə xidməti yaratmaq fiziki və praktiki olaraq mümkün deyil. Bütün dünyada olduğu kimi, çimərliklər xüsusi olaraq təşkil olunur və yalnız həmin ərazilərdə xilasetmə xidməti fəaliyyət göstərir. Çimərlik üçün nəzərdə tutulmayan sahələrdə çimmək isə ciddi təhlükə yaradır.
Elmar Nurəliyev bildirib ki, vətəndaşlar bütün qaydalara və çağırışlara əməl etməlidirlər. Bu halda onların həyatı daha təhlükəsiz olar.
“Çimərliklərdə təhlükəsizlik sistemi belə qurulub ki, yalnız yoxlanılmış və xilasetmə xidməti olan ərazilər istifadəyə yararlı sayılır. Mövsüm başlamazdan əvvəl FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və müvafiq qurumlar tərəfindən ərazilərə baxış keçirilir, sualtı axınlar, yarğanlar, suyun fiziki, kimyəvi və bioloji göstəriciləri yoxlanılır və rəy verilir. Yalnız bu yoxlamadan keçən çimərliklərdə çimməyə icazə verilir”, – deyə ekspert vurğulayıb.
O əlavə edib ki, belə çimərliklərdə risk minimum olur, demək olar ki, yoxdur. Lakin nəzarətsiz çimərliklərdə boğulma halları hər il təkrarlanır. Buna görə də təhlükəsiz çimərliklərin seçilməsi və qaydalara ciddi əməl edilməsi həyati əhəmiyyət daşıyır.
İradə Cəlil, Bizimyol.info






