Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Regionda səssiz dönüşüm: Zəngəzur faktoru
Regionda səssiz dönüşüm: Zəngəzur faktoru

Ermənistan və ABŞ arasında TRIPP Çərçivə Sazişinin imzalanması Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində növbəti addım kimi qiymətləndirilir.

Rəsmi İrəvan layihə ilə bağlı hazırlıq işlərinin davam etdiyini, tikinti prosesinin isə 2026-cı ilin ikinci yarısında başlaya biləcəyini bildirir.

Ekspertlər hesab edirlər ki, bu proses həm regional nəqliyyat əlaqələrinin genişlənməsinə, həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına təsir göstərə bilər.

  • Ermənistan-ABŞ TRIPP sazişi və Zəngəzur dəhlizi layihəsi regionda qüvvələr balansına və Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edə bilər?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi paraflanarkən Zəngəzur dəhlizi məsələsinə geniş şəkildə yer verilib. Artıq dəhlizin reallaşdırılması istiqamətində müəyyən hüquqi addımlar atılmışdı. ABŞ və Ermənistan arasında imzalanan bu saziş də, şübhəsiz ki, dəhlizin çəkilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilə bilər.

“Yəni ilkin hazırlıq işləri görülüb, proses mərhələli şəkildə davam etdirilir və bundan sonrakı dövrdə Ermənistanın məhz ABŞ-ın dəstəyi ilə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyi gözlənilir. Bu saziş eyni zamanda Paşinyan hökumətinə siyasi dəstək xarakteri də daşıyır. Çünki seçkilər ərəfəsində Rusiyaya yaxın müxalif qüvvələr Nikol Paşinyana təzyiqləri artırmağa çalışırlar və Zəngəzur dəhlizi məsələsi də onların əsas tənqid mövzularından biridir”-deyən politoloq bildirib ki, bu baxımdan ABŞ-ın sərgilədiyi mövqe həm də Paşinyan hakimiyyətinə dəstək məqsədi daşıya bilər.

Zeynal Əmrəliyev hesab edir ki, paralel olaraq, bu addım Paşinyan hökumətinin Qərbə inteqrasiya siyasətinə sadiq qaldığını da nümayiş etdirir. Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasının əsas siyasi dayaqlarından biri məhz ölkənin Qərblə inteqrasiya kursudur. Nikol Paşinyan hökumətinə dəstəyin mühüm səbəblərindən biri də məhz bu siyasi xəttdir.

Politoloqun fikrincə, əgər bu kursdan imtina edilərsə, Paşinyan hakimiyyəti də ictimai dəstəyini itirə bilər.

Bu səbəbdən ABŞ-la belə bir sazişin imzalanması mahiyyət etibarı ilə budur: “TRIPP layihəsinin həyata keçirilməsi, həm də Zəngəzur dəhlizinin reallaşmasından sonra regionda yeni geosiyasi reallıqlar yaranacaq, yeni iqtisadi əlaqələr formalaşacaq.

Bu proses Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, qarşılıqlı etimad mühitinin güclənməsinə və uzunmüddətli əməkdaşlıq üçün əlverişli zəminin yaranmasına xidmət edə bilər”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »