Mayın son günlərində hamı bayram havasına köklənmişdi. Hər kəs tətilə tələsirdi. Paytaxtın qaç-qovundan, vurnuxmalarından, gərginliyindən əyalət idilliyasına, ya da ölkədən uzaqlardakı dinclik aurasına qaçnağa çalışırdı hamı.
"Hamı" deyəndə, kimin imkanı haraya və hara qədər çatırdısa.
Bu səbəblərdən Azərbaycan əhalisinin yarısından çoxunun yaşadığı kəndin problemləri ilə bağlı müzakirələr diqqətdən sanki kənarda qaldı; içi elə bizqarışıq ölkə prezidentinin sədrliyi ilə keçirilən müşavirəyə yetərincə fokuslana bilmədik.
Adı "kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə" olsa da, bu, əslində kəndin müzakirəsi idi.
Çünki əsas məsələ kənddir; təsərrüfat ikincidir. Kənd təsərrüfatı olması üçün əvvəlcə kənd lazımdır. Yəni kənddə yaşayış, orda əhali - kənd əhalisi lazımdır.
Kəndə şəhərdən də insanları köçürmək olar. Ancaq kənddə - kənd təsərrüfatında əmək vərdişləri, təcrübəsi olan, kənd həyatının spesifik sınaqlarına dayanıqlı olan insanlar lazımdır. Razılaşın ki, bu cür insanlar bir günə, bir aya, heç bir ilə də yetişmir.
Prezident müşavirədəki nitqində bir-biri ilə bağlı olan iki məsələyə diqqət yetirdi. Biri odur ki, kənd təsərrüfatı durğunluq içindədir, "yerində sayır". Prezidentin açıqladığı rəqəmlərdən də görünür ki, bəli, bəzi hallarda müsbət dinamika hiss olunsa da, əksər məhsullar üzrə Azərbaycan özü özünü təmin edə bilmir.
Əlbəttə, elə spesifik məhsul növləri var, Azərbaycan onsuz da onlarla özünü təmin edə bilməz, idxal eləməyə məcburdur. Ancaq idxaldan asılılığı azaltmağın yolları da var və bunu etməyin vaxtı nəinki çatıb, əksinə ötüb keçir. Prezident hökumət qarşısında bu vəzifəni qoyub. Həm də dəqiq, aydın və qəti şəkildə.
Biz, əlbəttə, müşavirədə sadalanan iqtisadi göstəriciləri, istehsal həcmlərini, idxalı və ixracı ifadə edən rəqəmləri təkrar sadalamağa lüzum görmürük; bunların hamısı açıq qaynaqlarda var, oxumaq istəyən açıb oxuyacaq. Əsas olan rəqəmlər deyil, tendensiyalardır, reallıqdır. O cümlədən, ölkəni, əhalini, ölkə rəhbərliyini rahatsız edən tendensiyalar.
Bu reallıqlar sırasında bütün dünyanı narahat edən ifrat urbanizasiya da var. İfrat urbanizasiya şəhərlə yanaşı kəndi də vurur.
Biz tez-tez eşidirik, deyirlər: "Şəhər yüklənir". Bu, eyni zamanda kəndin boşalması da deməkdir. Baş verənləri "birləşmiş qablar qanunu" ilə izah etmək olar: şəhərlər dolursa, kənd boşalır, demək.
Bu yaxınlarda bir nəfər ziyalı insan çox maraqlı bir müşahidəsinin nəticəsini bölüşmüşdü: ""Ulduz" metrostansiyasında qatara minənlərin, düşənlərin sayı bu qədər artıbsa, deməli, şəhərdə əhali, görün, nə qədər çoxalıb".
Doğrudan da, şəhərdə əhali çoxalıb. Deməli, kənddə azalıb. Həm də kənddən şəhərə köçənlər özləri ilə, dediyim kimi, əmək vərdişlərini, kənd həyatına, kənd təsərrüfatına dair təcrübəni də şəhərə gətirirlər. O vərdişlərin, həyati bilgi və bacarıqların bir çoxunu (bəlkə hamısını) kəndli şəhərdə itirməli olur. Kəndli şəhərə köçəndə, bu, təkcə kənd təsərrüfatını deyil, bütövlükdə kənd həyatını zədələyir (bəzi hallarda hətta dağıdır).
Prezidentin məlum müşavirədə qaldırdığı və həll yollarını araşdırdığı məsələ də məhz bu idi: şəhər - şəhər kimi, kənd isə məhz kənd kimi inkişaf etsin. Kəndli öz yaşayış məskənində qalıb yaşasın. Necə deyərlər, daş - olduğu yerdə ağırdır.
Eyni zamanda prezident əhalinin şəhərlərdən kəndlərə dönüşünə zəmin hazırlamağı da tapşırdı. Bu, əslində sosial, iqtisadi, bütövlükdə ictimai paradiqmaları dəyişə bilər.
Xeye, dövlət başçısı onu demir ki, şəhərdəkilər çıxıb kəndə getsin, ya kənddən gələnlər şəhərə buraxımasın (hərçənd sosial şəbəkələrdə belə yanlış interpretasiyalara rast gəlmişəm).
Dövlət başıs başqa cür deyib. Prezidentin məlum müşavirədəki çıxışından həmin hissəni oxucuların, eləcə də, yanlış şərh edənlərin diqqətinə təqdim edirəm.
Prezident İlham Əliyev Dövlət deyib: "Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır..."
Burda aydın olmayan nə var?!
Prezident bir məqama diqqət çəkir: regionların inkişafına dair indiyədək qəbul və icra olunmuş proqramlara baxmayaraq, hələ də kənd təsərrüfatında durğunluq hiss olunur. Müsbət nəticələr var, amma çatışmazlıqlar da hələ qalır. İndi bu problemləri aradan qaldırmaq üçün 2026-2030-cu illəri əhatə edəcək xüsusi dövlət proqramı qəbul ediləcək. Qarşıdakı dörd il yarım ərzində kənd təsərrüfatının - kənddə həyatın yenidən dirçəldilməsi nəzərdə tutulur. Bunun üçün də dövlət xətti ilə 2 milyard manatın tapılması, özəl sektor vasitəsilə isə 3 milyard manat cəlb olunması haqda prezident tapşırığı var. Özəl sektorun cəlb olunması deyəndə, həm yerli sahibkarların, həm xarici investorların Azərbaycanın kənd təsərrüfatına sərmayə qoymasından söhbət gedir.
Əslində 5 milyard manat Azərbaycanın kənd təsərrüfatını dirçəltmək üçün az vəsait deyil. Bununl, yəni kənddə təsərrüfatı - kəndin iqtisadiyyatını inkişaf etdirməklə həm şəhəri, həm kəndi eyni vaxtda xilas etmək mümkündür. Kənddən şəhərə kütləvi köçün qarşısını inzibati deyil, iqtisadi metodlarla almaq olar. Kənddə insanların həyatı, dolanışığı üçün şərait yaradılsa, azad sahibkarlığa imkan verilsə, yeni iş yerləri açılsa, kəndli öz yaşayış məskənində öz güzəranını təmin edə bilsə, onun şəhərdə nə işi var?!
Əlbəttə, burada ölkənin ərzaq təhlükəsizliyi məsələsi də var. Yəni prezidentin qaldırdığı məsələ, verdiyi tapşırıqlar birbaşa milli təhlükəsizlik maraqları ilə sıx bağlıdır. İndi əsas odur ki, bu proqram mümkün qədər tez hazırlanıb qəbul edilsin, icrası tam təmin edilə bilsin. Vəsaitlər proqrama uyğun formada, təyinatı üzrə xərclənsə, korrupsiyaya və sair neqativ hallara yol verilməsə, qarşıdakı bir neçə il müddətində Azərbaycan kəndini özünə qaytarmaq, kənddə həyatı daha da canlandırmaq olar. Güman edirəm, bu nəcib məqsədlərə çatmaq üçün Proqramın icrasına nəzarət ən yüksək səviyyədə olacaq...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info





