Futbol üzrə Dünya Çempionatının başlamasına barmaqla sayılacaq qədər günlər qalıb. İyunun 11-də uzun marafon start götürəcək. İlk qarşılaşmada Meksika ilə Cənubi Afrika üz-üzə gələcək. Oyunun Bakı vaxtı ilə saat 23:00-da başlaması sizi aldatmasın. Əksər qarşılaşmalara baxmaq üçün yuxusuz qalmaq lazım gələcək.
Bizimyol.info xəbər verir ki, təkcə azərbaycanlı azarkeşlər yox, iştirakçı ölkələrin futbolsevərləri də əziyyət çəkəcək. Ölkələrin əksəri üçün oyunların başlama vaxtı ciddi problemdir. Oyunlar gecə başlayır.
Bizim ölkədə Türkiyənin azarkeşi çoxdur. Amma qardaş ölkənin milli komandasının qarşılaşmalarına baxmaq üçün əziyyətə qatlaşmalı olacağıq. Türkiyənin qrup oyunları səhərin erkən saatlarına təsadüf edir.
Argentinalı dünya ulduzu Lionel Messi 6-cı dəfə dünya çempionatlarında meydana çıxacaq. Amma onun okeanın o tayındakı ilk oyunu saat 05:00-da başlayır. Nə qədər ciddi maraq doğuran qarşılaşmanın start fiti 02:00-07:00 aralığında çalınacaq. Bir neçəsinin adını yazırıq: Braziliya – Mərakeş, İran – Yeni Zelandiya, Argentina – Əlcəzair, Özbəkistan – Kolumbiya, Braziliya – Haiti, Norveç – Seneqal, Şotlandiya – Braziliya, Tunis – Niderland, ABŞ - Türkiyə, Uruqvay – İspaniya, Misir – İran, Kolumbiya – Portuqaliya, İordaniya – Argentina.
Hələ daha çox oyunu fərqləndirmək olar. Təsəvvür edin, qrup mərhələsində Braziliyanın hər üç görüşü yuxunun şirin vaxtına düşür. Argentinanın iki oyunu uğursuz vaxta təsadüf edir. Hətta Fransanın, Almaniyanın qarşılaşmalarının da gecə yarıdan sonra başlayacağı dönəm olacaq. Unutmayaq ki, pley-off mərhələlərində daha maraqlı matçlar əldən çıxa bilər.
Əlbəttə, bütün qitələrin mundialı qəbul etmək haqqı var. Amma vaxt xüsusilə Avrasiyada yaşayanlar üçün uyğun deyil.
Bütün hallarda Dünya Çempionatı böyük bayramdır. Bir aydan çox 48 milli komanda ABŞ, Meksika, Kanada meydanlarında gücünü sınayacaq. Ola bilər ki, yeni dünya çempionu da meydana çıxsın. Mundiallarda, adətən, çempionluq baxımından böyük sürpriz olmur. Buna baxmayaraq, dəfələrlə bu şansı əldən vermis komandalar var ki, məhz bu dəfə istəyinə nail ola bilər.
Aytən, Bizimyol.info






