Son illərdə aparılan araşdırmalar ağız sağlığının beyin xəstəlikləri arasında maraqlı və vacib bir əlaqə olduğunu göstərir. Diş əti qanaması, ağız boşluğunda iltihabı proseslər və digər narahatlıqların müxtəlif xəstəliklərlə əlaqəsi müzakirə olunur. Həmçinin üst diş əti qanaması beyinlə əlaqəli olduğu, alt damaqlarda diş əti qanaması varsa, bunun daxili orqanlarla bağlı olduğu iddia edilir.
- Diş əti qanamasının həqiqətən beyin xəstəlikləri və ya daxili orqan problemləri ilə əlaqəsi varmı?
Bu barədə Bizimyol.info xəbər portalına danışan stomatoloq Mirzəyev Tural bildirib ki, diş əti xəstəliklərinin, karieslərin və dişlərdəki digər problemlərin müxtəlif xəstəliklərin gedişinə təsiri var: “Bu yanaşmanın doğru olduğunu düşünmürəm ki, hər hansı bir ağız boşluğu problemi konkret olaraq hansısa xəstəliyin təzahürüdür. Amma ağız boşluğunda olan xəstəliklərin -diş əti xəstəliklərinin, karieslərin və dişlərdəki digər problemlərin müxtəlif xəstəliklərin gedişinə təsiri var.
Məsələn, bu problemlər beyində olan xəstəliyin gedişini ağırlaşdıra bilər. Hətta beyin absesi kimi iltihabi hallar yarana bilər. Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə də ağız boşluğunun, xüsusilə karieslərin müalicəsindən sonra xəstəliyin gedişində müsbət dəyişikliklər müşahidə olunub, yəni remissiya dövrü yaşayan pasiyentlər də olub”.
Tural Mİrzəyev əlavə edib: “Ürək-damar xəstəlikləri olan pasiyentlərdə də ağız boşluğunda gedən proseslərin birbaşa təsiri var. Məsələn, endokardit, yəni ürəyin iltihabi xəstəliyi ilə ağız boşluğundakı mikroblar arasında əlaqənin olması araşdırmalar nəticəsində öz təsdiqini tapıb.
“Dil orqanizmin güzgüsüdür” deyirik. Bəli, dildə baş verən dəyişikliklər daxili orqanlarda olan hər hansı bir xəstəliyin xəbərçisi ola bilər”.
Günel Həsənova, Bizimyol.info






