ABŞ Prezidenti Donald Trump Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdirilməsinə dəstəyini ifadə edib.
O, Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.
Məktubda ABŞ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə inam ifadə olunub.
Tramp administrasiyası iyun ayında Azərbaycan və Ermənistan arasında sülhlə bağlı məhsuldar müzakirələrin aparılmasını gözlədiyini bildirib.
- ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstək regionun siyasi və iqtisadi gələcəyinə necə təsir göstərə bilər?
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə böyük dəstək ifadə edir.
Bu, həm də nəqliyyat dəhlizinin açılması və inteqrasiyanın sürətləndirilməsi baxımından özünü təzahür etdirir: “Ötən ilin 8 avqustunda Ağ Evdə Prezident D. Trampın təşəbbüsü və şahidliyi ilə liderlərin imzaladığı sənədlər, o cümlədən sülh sazişinin paraflanması yeni və geniş imkanlar qazandırdı. Birləşmiş Ştatlar regiona maraq göstərir və böyük diqqət ayırır. İlin əvvəllərində vitse-prezident D. J. Vensin Ermənistana və Azərbaycana səfərləri, keçirdiyi görüşlər və əldə edilən razılaşmalar xüsusi əhəmiyyət daşıyır”.
Politoloq xatırladıb ki, bir müddət əvvəl dövlət katibi Rubio İrəvana gələrək iki ölkə arasında strateji əməkdaşlıq sənədi imzalayıb.
Əli Orucov bildirib ki, D. Trampın Bakıda keçirilən “Bakı Enerji Həftəsi” ilə bağlı cənab Prezident İ. Əliyevə ünvanladığı təşəkkür və təbrik məktubunda toxunulan əsas məsələlərdən biri də regionun təhlükəsizliyi ilə bağlıdır. Burada da açar rol məhz Azərbaycandır.
“İstər Vaşinqton olsun, istər Brüssel, istərsə də Moskva, Bakını Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təminatçısı kimi qəbul edir. Doğrudur, bu faktor Rusiyanın imperialist ambisiyaları üçün qıcıq yaradır. Lakin o, reallıqlarla barışmaq məcburiyyətindədir. 7 iyunda Ermənistanda keçiriləcək seçkilər sonrakı proseslər üçün lakmus kağızı olacaq. Paşinyan parlamentdə konstitusion çoxluğu təmin edə bilsə, sülh prosesinə əngəl olan halların aradan qaldırılması və yekun sazişin imzalanması uzun sürməyəcək və İrəvan üçün ağrısız olacaq. D. Trampın istəyi də məhz odur ki, Cənubi Qafqazda gərginlik və risklər tam aradan qaldırılsın, Orta Dəhliz tam gücü ilə işə salınsın, Rusiya uzaqlaşdırılsın”, – deyən politoloq hesab edir ki, seçkilər başa çatandan sonra bu proseslər sürətlənəcək. Bununla belə, ehtimal olunan maneələr də nəzərdən qaçırılmamalıdır.
Politoloqun fikrincə, Rusiyanın bir sıra faktorlara əl atması gözləniləndir. Regionda öz mövcudluğunu qorumaq üçün o, əlindəki alətlərdən istifadə edəcək.
İradə Cəlil, Bizimyol.info






