Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
WUF13 Prezident İlham Əliyevin qeyri-münaqişə gündəliyinin növbəti uğurudur
WUF13 Prezident İlham Əliyevin qeyri-münaqişə gündəliyinin növbəti uğurudur

Beynəlxalq Şəhərsalma Forumu çərçivəsində keçirilən Nazirlər Görüşü təkcə urbanizasiya və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı siyasi, humanitar və inkişaf modelinin beynəlxalq legitimlik qazandığını nümayiş etdirən mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər. Görüşdə 70-ə yaxın ölkənin nümayəndəsinin iştirakı və yekun sənəddə Azərbaycanın uğurlu təşkilatçılığına xüsusi yer ayrılması Bakının beynəlxalq tədbirlərin keçirilməsi baxımından artan nüfuzunu bir daha ortaya qoydu.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elçin Mirzəbəyli danışıb.

O bildirib ki, son illərdə Azərbaycan regional geosiyasi proseslərdə yalnız enerji və təhlükəsizlik gündəliyi ilə deyil, həm də inkişaf, dayanıqlı şəhərsalma, humanitar diplomatiya və postmünaqişə rekonstruksiyası sahəsində formalaşdırdığı yeni yanaşma ilə diqqət çəkir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri artıq beynəlxalq platformalarda ayrıca təcrübə modeli kimi təqdim olunur. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “yaşıl enerji zonası”, rəqəmsal idarəetmə və müasir infrastruktur konsepsiyalarının tətbiqi Azərbaycanın müharibədən sonrakı mərhələdə yalnız bərpa deyil, eyni zamanda modern transformasiya siyasəti həyata keçirdiyini göstərir.

“Nazirlər görüşünün yekun sənədində postmünaqişə dövründə aparılan yenidənqurma işlərinə beynəlxalq həmrəylik ifadə olunması xüsusi siyasi əhəmiyyət daşıyır. Bu, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirdiyi inkişaf siyasətinə beynəlxalq səviyyədə dəstəyin formalaşdığını göstərən mühüm mesajdır. Belə yanaşma gələcəkdə beynəlxalq maliyyə institutlarının, donor təşkilatların və xarici investorların regiona marağını artırmaqla yanaşı, Azərbaycanın təşəbbüslərinin qlobal inkişaf gündəliyi ilə uzlaşdığını da təsdiqləyir”, – deyə deputat vurğulayıb.

Deputatın sözlərinə görə, əslində burada diqqət çəkən əsas məqamlardan biri postmünaqişə reallığının beynəlxalq diskursda dəyişməsidir. Əgər əvvəlki mərhələdə Qarabağ məsələsi əsasən münaqişə, təhlükəsizlik və geosiyasi qarşıdurma kontekstində müzakirə olunurdusa, hazırda diqqət daha çox dayanıqlı inkişaf, insanların qayıdışı, yaşayış məntəqələrinin yenidən qurulması və sosial reinteqrasiya məsələlərinə yönəlir. Bu isə Azərbaycanın beynəlxalq informasiya və siyasi platformalarda narrativ üstünlüyünü gücləndirir.

Deputatın fikrincə, WUF13 çərçivəsində formalaşan beynəlxalq dəstək Azərbaycanın regional liderlik imkanlarına da əlavə impuls verir. Bakı artıq yalnız Cənubi Qafqazın enerji və logistika mərkəzi kimi deyil, həm də beynəlxalq dialoq və əməkdaşlıq platforması yaradan aktor kimi çıxış edir. Son illərdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər, qlobal forumlar və siyasi dialoq təşəbbüsləri göstərir ki, Azərbaycan çoxtərəfli diplomatiyanın mühüm iştirakçılarından birinə çevrilmək istiqamətində sistemli siyasət həyata keçirir.

“Bu baxımdan WUF13 çərçivəsində əldə olunan nəticələr Azərbaycanın yumşaq güc potensialının genişlənməsi kimi də qiymətləndirilə bilər. Çünki müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təsir imkanları təkcə hərbi və iqtisadi resurslarla deyil, eyni zamanda onların inkişaf modeli, humanitar təşəbbüsləri və beynəlxalq legitimlik səviyyəsi ilə müəyyən olunur. Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi idarəetmə modeli isə artıq beynəlxalq diqqət mərkəzinə çevrilməkdədir”, – deyə Elçin Mirzəbəyli vurğulayıb.

Deputat qeyd edib ki, WUF13 çərçivəsində keçirilən Nazirlər görüşü və qəbul edilən yekun sənəd Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, postmünaqişə bərpası sahəsində formalaşdırdığı modelin dəstək qazandığını və ölkənin regional siyasi çəkisinin daha da gücləndiyini göstərən mühüm siyasi-diplomatik göstəricilərdən biri hesab oluna bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »