Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hörmüz böhranı fonunda Bakı: enerji təhlükəsizliyində sabitlik nümunəsi
Hörmüz böhranı fonunda Bakı: enerji təhlükəsizliyində sabitlik nümunəsi

Prezident “Euronews”a müsahibəsində mühüm məqamlara toxunub.

Bunlardan biri də Azərbaycanın enerji siyasətinin mərkəzində dayanan şaxələndirmə strategiyasıdır. Prezident qeyd edir ki, ölkə uzun illər əvvəl bu infrastrukturu qurduğu üçün Hörmüz kimi böhranlar Azərbaycana ciddi təsir göstərmir və bu, enerji təhlükəsizliyinin əsas dayağı kimi təqdim olunur. Bu yanaşma Azərbaycanın Avropa bazarında etibarlı təchizatçı rolunu gücləndirir.

  • Azərbaycanın uzun illər əvvəl qurduğu enerji marşrutlarının şaxələndirilməsi siyasəti gələcəkdə qlobal enerji böhranlarına qarşı daha dayanıqlı model kimi qəbul oluna bilərmi?

Milli Məclisin deputatı Tural Gəncəliyev Bizimyol.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində infrastrukturun qurulması və onun şaxələndirilməsi siyasəti çox əvvəlcədən düşünülmüş, gələcək riskləri hesablayan və hətta böyük böhranlar, müharibələr baş verdiyi halda belə bu riskləri nəzərə alan strateji yanaşma üzərində qurulub. Onun sözlərinə görə, Azərbaycan regionda neft və qaz ixrac edən böyük ölkələrlə müqayisədə eyni həcmdə resurslara malik olmasa da, buna baxmayaraq şaxələndirilmiş siyasət sayəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

Deputat qeyd edir ki, Azərbaycanın həyata keçirdiyi bu siyasət enerji təhlükəsizliyinə davamlı töhfə verir və ölkəni qlobal enerji xəritəsində mühüm aktora çevirir. O, xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlikləri, İran–ABŞ–İsrail qarşıdurmasının dünya enerji bazarına və iqtisadiyyatına təsirini nümunə göstərərək bildirir ki, belə risklər fonunda şaxələndirmə siyasətinin əhəmiyyəti daha da artır.

Onun sözlərinə görə, bu strategiyanın əsası 1994-cü ildən, ümummilli lider Heydar Aliyev tərəfindən “Əsrin müqaviləsi” ilə qoyulub və sonrakı illərdə ardıcıl şəkildə inkişaf etdirilib. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz xətti və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr bu sistemin əsas sütunlarını formalaşdırıb. Daha sonra Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan enerji resurslarının Türkiyə üzərindən Avropaya çıxışı təmin olunub.

Deputat vurğulayır ki, bu layihələr “bütün imkanları bir istiqamətə bağlamamaq” prinsipinə əsaslanır və müxtəlif marşrutlara investisiya etməklə ölkənin dayanıqlığını artırır. Onun fikrincə, bu səbəbdən qlobal iqtisadi böhranlar Azərbaycana digər ölkələrlə müqayisədə daha az təsir göstərir və ölkənin mövqeyi daha sabit qalır.

Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə yeni bir marşrutun formalaşacağı, Azərbaycanın həm Naxçıvanla birləşəcəyi, həm də Türkiyəyə əlavə çıxış imkanı əldə edəcəyi bildirilir. Bu isə mövcud şaxələndirmə sisteminə əlavə güc verən mühüm faktor kimi qiymətləndirilir.

Deputat həmçinin qeyd edir ki, bəzi qüvvələr bu layihələri bir-birinə qarşı qoymağa çalışsalar da, əslində bütün istiqamətlər paralel şəkildə inkişaf edir. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər region dövlətlərinin enerji və yük resurslarının Avropaya çıxışı əsasən Azərbaycan üzərindən həyata keçirilir.

Bu proses həm boru kəmərləri ilə neft və qazın daşınmasını, həm də Xəzər dənizi vasitəsilə gətirilən yüklərin dəmir yolu ilə Avropaya yönləndirilməsini əhatə edir. Eyni zamanda, nadir metalların daşınmasında da Orta Dəhliz üzrə Azərbaycanın rolu artır.

Sonda deputat bildirir ki, son dövrlərdə Ermənistana bəzi enerji və yük daşımalarının həyata keçirilməsi, eləcə də Rusiya məhsullarının Azərbaycan üzərindən tranziti bir daha göstərir ki, ölkənin nəqliyyat və logistika infrastrukturu artıq regional ticarətin əsas keçidinə çevrilib. Bu isə həm Azərbaycanın tranzit gücünü artırır, həm də ölkəyə əlavə iqtisadi gəlirlər qazandırır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »