ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların xərcləri döyüşlərin 79-cu gününədək 85 milyard dolları keçib.
Bizimyol.info xəbər verir ki, bu barədə real vaxt rejimində fəaliyyət göstərən “Iran War Cost Tracker” portalı məlumat yayıb.
Portalın təqdim etdiyi hesablamalar ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) martın 10-da Konqres üçün keçirdiyi brifinqə əsaslanır. Həmin brifinqdə bildirilmişdi ki, Yaxın Şərqdə hərbi əməliyyatların ilk altı günü ərzində Vaşinqton 11,3 milyard dollar xərcləyib və münaqişənin hər növbəti günü üçün əlavə 1 milyard dollar sərf etməyi planlaşdırır.
Hesablamalara görə, ümumi xərclər ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müvəqqəti müavini Culs Herstin daha əvvəl açıqladığı rəqəmdən təxminən üç dəfə çoxdur. O, Konqresin Nümayəndələr Palatasının ayırmalar komitəsində keçirilən dinləmələrdə Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara təxminən 29 milyard dollar xərclədiyini bildirmişdi.
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara fevralın 28-də başlayıb. Aprelin 7-də Ağ Evin rəhbəri İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Tehranın məlumatına görə, 40 gün davam edən müharibə ərzində ABŞ və İsrailin zərbələri nəticəsində 3 375 iranlı həlak olub.
Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsalar da, tərəflər mövcud ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Aprelin 21-də ABŞ lideri atəşkəs rejiminin uzadılacağını açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə isə Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun addım atacaq.
Bizimyol.info






