Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tahir Məmmədov: “Əsas məqsəd fermerlərə heyvanların qorunması ilə bağlı vacib biliklərin çatdırılmasıdır”
Tahir Məmmədov: “Əsas məqsəd fermerlərə heyvanların qorunması ilə bağlı vacib biliklərin çatdırılmasıdır”

“Quşçu” Heyvandarlıq İctimai Birliyi “Heyvandarlıq təsərrüfatlarında maarifləndirmə tədbirləri” mövzusunda yeni layihəyə start verib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu barədə layihənin rəhbəri, “Quşçu” Heyvandarlıq İctimai Birliyinin sədri Tahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində Şamaxı rayonunda, eləcə də, İsmayıllı, Ağsu və Qobustan rayonlarında heyvandarlıq təsərrüfatlarında vəziyyətin öyrənilməsi məqsədilə araşdırmalar aparılacaq.

Araşdırmalar zamanı heyvandarlıq sahəsində qarşıya çıxan problemlər, ekoloji təsirlər və təsərrüfatların fəaliyyəti ilə bağlı mövcud vəziyyət təhlil ediləcək.

Bununla yanaşı, heyvandarlıq fəaliyyəti ilə məşğul olan fermerlərə hüquqi dəstək göstəriləcək, onların maarifləndirilməsi məqsədilə müxtəlif məlumatlandırma kampaniyaları təşkil olunacaq.

“Heyvandarlıq təsərrüfatlarında maarifləndirmə tədbirləri” layihəsinin əsas məqsədi nədir?

Hazırda həmin bölgələrdə heyvandarlıq sahəsində ən ciddi problemlər hansılardır?

Bu barədə “Quşçu” Heyvandarlıq İctimai Birliyinin sədri Tahir Məmmədov bildirib ki, bu istiqamətdə maarifləndirmə baxımında işlər bir az axsayır: “Biz bu il Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinin layihəsində qalib olduq. Layihəmiz “Heyvandarlıq müəssisələrində fermerlərin maarifləndirmə işinin təşkili” mövzusuna həsr olunub.

Məqsədimiz Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən biri olan heyvandarlıqda maarifləndirmə işinin gücləndirilməsidir, çünki bu istiqamətdə maarifləndirmə baxımında işlər bir az axsayır. Ona görə də mütəxəssislər dəvət etmişik və Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarına ezamiyyətlər təşkil edəcəyik. Həmin bölgələrdə heyvandarlıq təsərrüfatları ilə məşğul olan insanlarla görüşəcək, maarifləndirmə işləri aparacağıq.

Maarifləndirmənin əsas məqsədi fermerlərə heyvanların qorunması ilə bağlı vacib biliklərin çatdırılmasıdır. Məsələn, camaatın böyük zəhmətlə böyütdüyü toyuq-cücələr kütləvi şəkildə tələf olur, yaxud mal-qara və qoyunlar arasında dabaq kimi xəstəliklər yayılır. Heyvanı almaq və bəsləmək əsas deyil. Əsas odur ki, heyvanlara münasibətdə dəqiqlik olsun”.

Tahir Məmmədov həmçinin əlavə edib: “Düşünürük ki, mütəxəssislərin maarifləndirici söhbətləri fermerlər üçün faydalı olacaq. Bu biliklər gələcəkdə həm baytar həkimlərinin tövsiyələri, həm də fermerlərin öz təcrübələri əsasında xəstəliklərin və itkilərin qarşısının alınmasına kömək edəcək.

Hazırda əsas məqsədimiz hələ ki bu işləri həyata keçirməkdir. Eyni zamanda rayonlara səfərlərimiz və görülən işlərlə bağlı vaxtaşırı ictimaiyyətə məlumat verəcəyik”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »