Dünyada baş verən son geosiyasi proseslər artıq beynəlxalq sistemin klassik iqtisadi məntiqdən uzaqlaşdığını göstərir. Enerji və ərzaq təhlükəsizliyi təkcə iqtisadi kateqoriya deyil, eyni zamanda siyasi təsir, güc balansı və təhlükəsizlik arxitekturasının əsas sütunlarına çevrilib. Beynəlxalq iqtisadiyyatın hərəkətverici qüvvəsi olan bu sahələr indi birbaşa geosiyasi qərarların, hərbi qarşıdurmaların və regional münaqişələrin təsiri altında formalaşır.
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Hörmüz boğazında yaranan hər hansı risk — istər hərbi eskalasiya, istərsə də logistika məhdudiyyətləri — dərhal dünya enerji bazarına təsir edir. Neft qiymətlərində baş verən dəyişikliklər isə qısa müddətdə bütün beynəlxalq iqtisadi zənciri silkələyir. Enerji qiymətlərinin artması yalnız yanacaq bazarını deyil, eyni zamanda istehsal xərclərini, nəqliyyat tariflərini və ərzaq qiymətlərini də yüksəldir. Bu isə dünya miqyasında inflyasiya təzyiqlərinin yeni dalğasını formalaşdırır.
İqtisadçının fikrincə, müşahidə olunan əsas tendensiyalardan biri də odur ki, enerji artıq sırf iqtisadi resurs deyil, geosiyasi alətə çevrilməkdədir. Müharibələr, sanksiyalar və ticarət blokadaları enerji təchizat zəncirlərinin pozulmasına, beynəlxalq iqtisadi sistemdə struktur qeyri-sabitliklərin yaranmasına səbəb olur. Xüsusilə inkişaf etmiş ölkələr belə bu dəyişikliklərdən kənarda qala bilmir və enerji təhlükəsizliyi milli strategiyaların mərkəzinə yerləşdirilir.
Əli Səlimov hesab edir ki, ərzaq təhlükəsizliyi də bu proseslərdən ayrılmaz şəkildə təsirlənib. Beynəlxalq səviyyədə taxıl və kənd təsərrüfatı məhsullarının tədarük zəncirlərində yaranan pozuntular iqlim dəyişiklikləri ilə birləşərək bir çox regionlarda sosial gərginliyi artırır. Enerji qiymətlərinin yüksəlməsi kənd təsərrüfatı istehsalına da birbaşa təsir göstərir. Çünki gübrə, yanacaq və logistika xərcləri artır. Nəticədə ərzaq məhsullarının qiymətləri qlobal səviyyədə yüksəlir və bu, xüsusilə inkişaf etməkdə olan ölkələrdə sosial sabitliyə ciddi təzyiq yaradır.
“Belə mürəkkəb beynəlxalq şəraitdə sabitlik anlayışı yeni strateji məna qazanıb. Əgər əvvəllər sabitlik daha çox daxili siyasi faktor kimi qiymətləndirilirdisə, bu gün o, birbaşa iqtisadi inkişafın və investisiya cəlbediciliyinin əsas şərtinə çevrilib. Beynəlxalq kapital artıq yüksək gəlir potensialından daha çox risklərin aşağı olduğu bazarlara üstünlük verir. Çünki müasir iqtisadi sistemdə qeyri-müəyyənlik kapitalın ən böyük düşmənidir.
Azərbaycan bu yeni reallıqda xüsusi mövqeyə malik ölkələrdən biridir. Regionda davam edən mürəkkəb geosiyasi proseslərə baxmayaraq, ölkədə qorunan daxili sabitlik və təhlükəsizlik mühiti iqtisadi inkişaf üçün fundamental baza rolunu oynayır. Bu sabitlik yalnız daxili idarəetmənin nəticəsi deyil, həm də uzunmüddətli strateji siyasətin məhsuludur”, — deyə iqtisadçı vurğulayıb.
Əli Səlimov qeyd edib ki, Azərbaycanın enerji resursları və nəqliyyat-logistika layihələrində artan rolu ölkənin beynəlxalq sistemdə mövqeyini daha da gücləndirir. Xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində genişlənən tranzit imkanları, Avropa–Asiya xəttində yeni alternativ marşrutların formalaşması Azərbaycanın strateji əhəmiyyətini artırır. Bu isə yalnız iqtisadi layihə deyil, həm də beynəlxalq ticarət xəritəsinin yenidən formalaşmasının mühüm hissəsidir.
İqtisadçının sözlərinə görə, Avropanın enerji təhlükəsizliyi baxımından alternativ mənbələrə ehtiyacının artması Azərbaycanın rolunu daha da aktuallaşdırır. Ölkə təkcə enerji ixrac edən dövlət kimi deyil, həm də etibarlı tərəfdaş və strateji tranzit mərkəzi kimi çıxış edir. Müasir beynəlxalq münasibətlərdə etibarlılıq artıq resurslardan belə daha vacib amillərdən birinə çevrilib.
Beynəlxalq sistemdə baş verən dəyişikliklər göstərir ki, XXI əsrdə güc yalnız hərbi və iqtisadi potensialla ölçülmür. Sabitlik, proqnozlaşdırıla bilən şərtlər və institusional dayanıqlıq artıq strateji kapitalın əsas formalarından biri hesab olunur. Bu baxımdan, sabit ölkələr yeni dünya iqtisadi nizamının formalaşmasında aparıcı rol oynamağa daha yaxındır.
İradə Cəlil,Bizimyol.info






