Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Livan və Suriya liderləri ümumi sərhəddə nəzarətin gücləndirilməsini müzakirə ediblər
Livan və Suriya liderləri ümumi sərhəddə nəzarətin gücləndirilməsini müzakirə ediblər

Livanın baş naziri Nəvaf Salam və Suriyanın prezidenti Əhməd əş-Şəraa Dəməşqdə görüş keçirərək iki ölkə arasındakı sərhəddə nəzarətin sərtləşdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Görüş təhlükəsizlik, nəqliyyat və enerji sahələrində əməkdaşlığa həsr olunmuş səfər çərçivəsində baş tutub.

Bizimyol.info xəbər verir ki, Suriya administrasiyasının məlumatına görə, tərəflər iqtisadi və ticarət əlaqələrinin inkişafını, həmçinin regional sabitliyin qorunması və mövcud təhlükələrə qarşı birgə koordinasiyanın gücləndirilməsini müzakirə ediblər.

Suriya dövlət agentliyi SANA-nın yaydığı məlumata əsasən, görüşün əsas məqsədlərindən biri iqtisadi, nəqliyyat və enerji sahələrində birgə layihələrin inkişaf etdirilməsi olub.

Tərəflər xüsusilə iki ölkə arasında təxminən 330 kilometr uzunluğunda olan sərhəddə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bu sərhəd illərdir çətin nəzarət olunan ərazi kimi qalır və insanlar, silah və malların qanunsuz daşınması üçün istifadə edilir. Bu marşrutların bir qismi “Hizbullah”ın fəaliyyəti ilə də əlaqələndirilir.

Son aylarda Suriya hakimiyyəti “Hizbullah”la əlaqədə şübhəli bilinən şəxslərin saxlanıldığını açıqlayıb. Qruplaşma isə Suriya ərazisində mövcudluğunu rədd edir.

Livanın baş naziri isə bəyan edib ki, Beyrut ölkənin digər ərəb dövlətlərinə, o cümlədən Suriyaya zərər verəcək fəaliyyətlər üçün istifadə olunmasına imkan verməyəcək. O, regionda sabitliyin möhkəmləndirilməsi və qarşılıqlı hörmətin vacibliyini xüsusi vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »