Bizimyol.info xəbər verir ki, Madyar çıxışında vətəndaşları “dəyişiklik dövrünün qapısından birlikdə keçməyə” və “Macarıstan tarixini yenidən yazmağa” çağırıb. Andiçmə mərasimi ölkənin paytaxtı Budapestdə böyük izdiham və bayram əhval-ruhiyyəsi ilə keçib.
Bir ay əvvəl keçirilən parlament seçkilərində Madyarın rəhbərlik etdiyi "Tisa" Partiyası böyük üstünlük qazanaraq 199 mandatdan 141-ni əldə edib. Bu nəticə ölkədə siyasi dəyişikliklərin əsasını qoyub.
Seçkilərdən sonra ilk dəfə olaraq Orban parlamentdə yer almayacaq. O, 2010-cu ildən bəri fasiləsiz şəkildə baş nazir vəzifəsini icra edirdi.
Yeni hökumətin tərəfdarları Budapeştdə parlament binasının qarşısına toplaşaraq nəticəni qeyd ediblər. Bir çoxları bu günü “yeni başlanğıc” kimi qiymətləndirib və ölkənin gələcəyinə dair ümidlərini ifadə ediblər.
Madyar çıxışlarında Avropa İttifaqı ilə münasibətlərin bərpasını, dondurulmuş vəsaitlərin açılmasını və dövlət institutlarında islahatların aparılmasını prioritet kimi göstərib. O, həmçinin Orban dövründə formalaşmış media və məhkəmə sistemində dəyişiklik ediləcəyini vəd edib.
Yeni hökumətin qarşısında iqtisadi problemlər, dövlət xidmətlərinin vəziyyəti və siyasi institutların yenidən qurulması kimi ciddi çağırışlar dayanır. Buna baxmayaraq, paytaxtda ümumi atmosfer optimizm və dəyişiklik əhval-ruhiyyəsi ilə yadda qalıb.
Bizimyol.info






