ABŞ və Avropa İttifaqı liderləri telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Hər iki tərəfin rəhbərliyi bildirib ki, Vaşinqton və Brüssel İranın heç bir halda nüvə silahına sahib olmaması məsələsində tam razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, Ursula fon der Lyayen qeyd edib ki, bölgədə son hadisələr beynəlxalq sabitlik üçün risklərin miqyasını açıq şəkildə göstərib. Donald Tramp isə əlavə edib ki, “öz xalqını öldürən” rejim kütləvi qırğın silahlarına malik ola bilməz.
Danışıqlar zamanı xüsusi diqqət əvvəlcə Ternberidə imzalanmış tarixi ticarət müqaviləsinin icrasına yönəldilib. Donald Tramp bildirib ki, Avropa İttifaqının tarifləri sıfıra endirməsi üzrə öhdəliklərini səbirlə gözləyir. ABŞ Prezidenti vurğulayıb ki, Avropa İttifaqına bütün formal prosedurları başa çatdırmaq üçün ABŞ-ın müstəqilliyinin 250 illiyinə (4 iyul 2026) qədər vaxt verib. Tramp xəbərdarlıq edib ki, əgər müqavilə vaxtında yerinə yetirilməsə, ABŞ Avropa mallarına tətbiq olunan rüsumları dərhal və əhəmiyyətli dərəcədə artıracaq.
Ursula fon der Lyayen Avropanın bu müqaviləyə sadiqliyini təsdiqləyib və yaxşı irəliləyiş olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər tariflərin iyul ayının əvvəlindən endirilməsini təmin etmək üçün işləyirlər. Avropa Komissiyasının rəhbəri danışığı “çox yaxşı” adlandırıb və indiki böhran şəraitində təhlükəsizlik və sabitliyin qorunması üçün regional tərəfdaşlarla sıx koordinasiyanın vacibliyini vurğulayıb. Bu barədə rəsmi məlumat Avropa Komissiyası və ABŞ Prezident Administrasiyası tərəfindən verilib.
Bizimyol.info






