Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BƏƏ-nin addımı: kartel dövrünün sonuna doğru?
BƏƏ-nin addımı: kartel dövrünün sonuna doğru?

Birləşmiş Ərəb Əmirliklərinin 1 may 2026-cı il tarixindən etibarən OPEC-dən çıxacağını elan etməsi qlobal neft bazarlarında “kartel dövrünün” sarsıldığının ən bariz göstəricisidir. Bu radikal qərar İranla yaşanan gərginlik fonunda Hörmüz boğazından neft daşınmasının riskli və çətin olduğu strateji krizis dövrünə təsadüf edir.

Abu Dabi bu addımı ilə həm OPEC-in məhdudlaşdırıcı kvotalarından qurtulmağı, həm də müharibə şəraitində öz milli enerji təhlükəsizliyini müstəqil şəkildə idarə etməyi hədəfləyir. Təşkilatın ən güclü üzvlərindən birinin gedişi regional münaqişələrin iqtisadi ittifaqlardan daha üstün tutulduğunu nümayiş etdirərək neft birjasında qeyri-müəyyənliyi pik həddə çatdırıb. BƏƏ-nin bu gedişi sadəcə iqtisadi bir seçim deyil, həm də Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmanın enerji bazarındakı ən ağır zərbəsidir.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxmaq qərarı ilk baxışda iqtisadi addım kimi görünsə də, əslində daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir. Qərar beynəlxalq enerji idarəetmə modelində institutların rolunun zəifləməsi ilə bağlı bir göstərici kimi çıxış edir. Uzun illər bazarda nisbi sabitlik yaradan kollektiv mexanizmlərin əvvəlki qədər effektiv olmaması enerji bazarının dəyişən şərtlərə uyğunlaşma çətinliyini ortaya qoyur.

“Eyni zamanda, Yaxın Şərqdə artan geosiyasi risklər iqtisadi əməkdaşlıq platformalarının təsir gücünü bir qədər arxa plana keçirir. Nəticədə, enerji bazarında baş verən proseslər artıq təkcə iqtisadi məntiqlə deyil, daha çox güc siyasəti və təhlükəsizlik prioritetləri ilə formalaşır. Bu qərarın ən ciddi nəticəsi bazarda qeyri-müəyyənliyin dərinləşməsidir. OPEC-in əsas funksiyası təklifin koordinasiyası vasitəsilə qiymət sabitliyini qorumaq idi. Lakin BƏƏ kimi aparıcı istehsalçının bu mexanizmdən çıxması OPEC-in yalnız zəifləməsi ilə məhdudlaşmır, həm də onun faktiki olaraq təsir gücünün azalması kimi qiymətləndirilir. Bu isə bazarda daha aqressiv rəqabət mühitinin formalaşmasına və istehsalçıların fərdi maraqlar əsasında hərəkət etməsinə şərait yaradacaq. Neft qiymətlərində dalğalanmaların daha kəskin və daha tez-tez baş verməsi real riskə çevriləcək. Xüsusilə Hörmüz boğazı kimi kritik tranzit nöqtəsində təhlükəsizlik risklərinin artdığı bir şəraitdə bu cür parçalanma bazarı daha həssas və daha kövrək edir”, – deyə iqtisadçı bildirib.

Əli Səlimov hesab edir ki, proseslərin beynəlxalq iqtisadiyyat üçün nəticələri də kifayət qədər ciddidir. İlk növbədə, enerji qiymətlərindəki qeyri-sabitlik qlobal inflyasiya təzyiqlərini gücləndirəcək və bu, xüsusilə enerji idxalından asılı iqtisadiyyatlarda artım perspektivlərini zəiflədəcək. Bu isə uzunmüddətli perspektivdə enerji sektorunda və ona bağlı sahələrdə inkişaf tempinin ləngiməsinə gətirib çıxara bilər.

“Doğrudur, bəzi ixracatçı ölkələr qısamüddətli gəlir artımından faydalana bilər, lakin bu üstünlük sistemli qeyri-sabitlik dövründə dayanıqlı hesab edilə bilməz. Şübhəsiz ki, BƏƏ üçün kvota məhdudiyyətlərindən çıxmaq əlavə hasilat və gəlir imkanları yaradır. Lakin qərarın regional gərginliyin artdığı və xüsusilə İranla münasibətlərin mürəkkəbləşdiyi bir dövrdə verilməsi onun arxasında dayanan siyasi və təhlükəsizlik motivlərinin daha həlledici rol oynadığını göstərir”, – deyə iqtisadçı bildirib.

İqtisadçı qeyd edib ki, məsələni təkcə iqtisadi və ya siyasi seçim kimi dəyərləndirmək doğru olmaz: “Əksinə, burada iqtisadi rasionallıq getdikcə geosiyasi reallıqlara tabe olur. BƏƏ-nin qərarı da məhz bu tendensiyanın təzahürüdür. Enerji siyasəti artıq kollektiv bazar idarəetməsindən uzaqlaşaraq milli təhlükəsizlik və strateji müstəqillik alətinə çevrilib. Yekun olaraq isə bu addımın beynəlxalq enerji bazarında dərhal kəskin dəyişiklik yaratmasa da, uzunmüddətli perspektivdə daha parçalanmış, daha az koordinasiya olunan və daha yüksək riskli bir sistemin formalaşmasını sürətləndirəcəyini demək olar. Bu da dünya iqtisadiyyatını yalnız daha qeyri-sabit deyil, eyni zamanda daha az proqnozlaşdırıla bilən və idarə olunması daha çətin bir mühitə doğru aparacaq”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »