Prezident Donald Trump ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın yük gəmisi "TOUSKA"nı Hörmüz boğazı yaxınlığında ələ keçirdiyini və nəzarətə götürdüyünü bildirib. Onun sözlərinə görə, gəmi ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasını pozmağa cəhd edib.
Bizimyol.info xəbər verir ki, ABŞ Prezidenti bu barədə "Truth Social" sosial şəbəkə platformasında yazıb.
Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Spruance” esminesi Oman körfəzi sularında "TOUSKA" gəmisini aşkar edərək onun hərəkətini dayandırıb. Trampın açıqlamasına görə, təxminən 270 metr uzunluğa malik olan gəmi blokadanı yarmağa cəhd göstərib və ABŞ hərbçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq dayanmayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, xəbərdarlıqlar altı saat ərzində təkrar olunub.
Daha sonra “USS Spruance” esminesi gəminin maşın bölməsinə 5 düymlük topdan atəş açaraq onu hərəkətsiz vəziyyətə gətirib. Tramp bildirib ki, gəmi əvvəllər ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına qeyri-qanuni fəaliyyətlərlə əlaqəsinə görə daxil edilib.
Onun sözlərinə görə, "TOUSKA" tam nəzarətə götürülüb və ABŞ dəniz piyadaları tərəfindən göyərtədə yoxlamalar aparılır. Tramp hadisəni şərh edərək deyib ki, İran heyəti tabe olmaqdan imtina edib və gəmi zərər vurularaq dayandırılıb.
Bu insident ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasından sonra ilk güc tətbiqi hadisəsi kimi qiymətləndirilir. Rəsmi Vaşinqtonun məlumatına görə, əvvəlki günlərdə 25 gəmi istiqamətini dəyişərək insidentsiz geri çəkilib.
İran tərəfi isə hadisəni kəskin şəkildə pisləyib və ABŞ-ni mülki ticarət gəmisinə qarşı hücumda ittiham edib. Tehran cavab tədbirləri görəcəyi ilə hədələyib. Eyni zamanda, Britaniyanın dəniz ticarəti qurumu (UKMTO) Hörmüz boğazında təhlükə səviyyəsini ən yüksək həddə qaldırıb.
Qadir, Bizimyol.info






