İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın iddialarının əksinə olaraq uranın zənginləşdirilməsi proqramını dayandırmağa razı olmayıb və bu addımı heç vaxt atmayacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə CNN telekanalına Tehrandakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, İran belə təklifləri “heç vaxt qəbul etməyəcək”. CNN həmçinin qeyd edir ki, ABŞ daha əvvəl İrana uranın zənginləşdirilməsinə 20 illik fasilə verməyi təklif edib. Tehran isə cavab olaraq 5 illik fasilə variantı irəli sürüb, lakin bu təklif Vaşinqton tərəfindən rədd edilib.
Xatırladaq ki, ötən həftə Donald Tramp “NewsNation” telekanalına müsahibəsində İranın uranın zənginləşdirilməsini dayandırmağa razı olduğunu iddia etmişdi.
Məlumatlara görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Aprelin 7-də isə Tramp tərəflər arasında iki həftəlik atəşkəs elan edib. Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda bir neçə danışıqlar raundu keçirib, lakin uzunmüddətli razılaşma əldə olunmayıb.
Tərəflər arasındakı əsas fikir ayrılıqlarına görə yeni danışıqlar raundunun keçiriləcəyi hələlik dəqiqləşməyib. ABŞ isə aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadası tətbiq edib.
Qadir, Bizimyol.info






