Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ NATO daxilində ABŞ-sız fəaliyyət göstərə bilən struktur yaratmalıdır - Ekspert
Aİ NATO daxilində ABŞ-sız fəaliyyət göstərə bilən struktur yaratmalıdır - Ekspert

ABŞ prezidenti Donald Trumpın NATO-dan çıxmaqla bağlı təhdidləri fonunda avropalılar alyans daxilində müstəqil fəaliyyət göstərə biləcək öz strukturlarını təcili şəkildə yaratmalıdırlar.

Bizimyol.info xəbər verir ki, bu fikri Brüsseldə yerləşən Kral Beynəlxalq Münasibətlər İnstitutu “Egmont”un icraçı direktoru vəzifəsini müvəqqəti icra edən professor Sven Biskop Honkonqda nəşr olunan "South China Morning Post" qəzetinə müsahibəsində səsləndirib.

“Bizim tanıdığımız formada NATO geri qayıtmayacaq. Lakin ABŞ-la və ya onsuz avropalılara öz aralarında ittifaq lazımdır, buna görə də onlar NATO-nun işlək strukturlarının qorunmasında maraqlıdırlar. Avropalılar indi NATO çərçivəsində ABŞ-la uyğunluğunu qoruyacaq, lakin zərurət yaranarsa onsuz da fəaliyyət göstərə biləcək muxtar hərbi dayaq strukturu yaratmalıdırlar. Bu halda biz bütün ssenarilərə hazır olarıq”, – deyə ekspert bildirib.

O, ABŞ administrasiyasının “qeyri-proqnozlaşdırılan və xaotik xarakterə” malik olduğunu vurğulayıb və Avropanın İrana qarşı müharibəyə qoşulmamalı olduğunu qeyd edib. “Bu müharibəni ABŞ və İsrail başlayıb və artıq onun nəticələrinə nəzarət etmirlər. Avropa qəti mövqe tutmalıdır: müharibənin genişlənməsi heç bir problemi həll etməyəcək. Genişləndirilə biləcək yeganə şey diplomatik danışıqlarda iştirak edən tərəflərin sayıdır. Yalnız bu, sabitliyə gətirib çıxara biləcək ciddi razılaşmaya səbəb ola bilər”, – deyə Biskop əlavə edib.

Ekspertin fikrincə, Hörmüz boğazı ilə bağlı problemi yalnız müharibəni dayandırmaqla həll etmək mümkündür. “Bu problem müharibəyə qoşulmaqla həll olunmayacaq. Əgər ora gəmilər göndərilsə, müdafiə və hücum tədbirləri arasında sərhəd qoymaq çox çətin olacaq. Münaqişəyə cəlb olunmaq riski çox yüksəkdir”, – deyə professor bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »