Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məcburi köçkünlərin taleyini dəyişən siyasət: Qarabağda yeni həyat başlayır
Məcburi köçkünlərin taleyini dəyişən siyasət: Qarabağda yeni həyat başlayır

Məcburi köçkün ailələri uzun illər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən sosial dəstək siyasəti davam etdirilir və ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil və digər sosial müdafiə mexanizmləri bu kateqoriyadan olan insanlara dəstək verir. Böyük Qayıdış prosesi çərçivəsində vətəndaşların rifahı və sosial təminatı prioritet istiqamət olaraq qalır.

Milli Məclisin sabiq deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri, elmlər doktoru, professor Kamilə Əliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər torpaqlarımızı işğal etdilər, yüz minlərlə soydaşımız Qarabağ və Şərqi Zəngəzurdan öz yurd-yuvalarından didərgin düşdü. Həmin dövrdə hakimiyyətdə olanlar məcburi köçkünlərimizin taleyini öz ümidinə buraxdılar.

“Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra torpaqlarımızın işğalına son qoyuldu. Məcburi köçkün düşmüş soydaşlarımıza dövlət qayğısı göstərilməyə başlandı, onlara maddi və mənəvi dəstək verildi. Məcburi köçkünlərimizin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı, bu məqsədlə maliyyə vəsaitləri ayrıldı”, – deyə sabiq deputat vurğulayıb.

Professor qeyd edib ki, ümummilli lider Heydər Əliyev irsini daha yüksək zirvələrə qaldıran Prezident cənab İlham Əliyev də hər zaman məcburi köçkünlərimizi diqqət və qayğı mərkəzində saxlayır.

“Məcburi köçkünlər üçün yeni yaşayış binaları tikilir, onların maddi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Dövlət başçısı mütəmadi olaraq məcburi köçkünlərlə görüşür, onların müraciətlərini diqqətlə dinləyir və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verir.

Ölkə başçısı hər görüşündə soydaşlarımızı ruhdan düşməməyə çağırır, torpaqlarımızın işğaldan azad ediləcəyini əminliklə bildirirdi”, – deyə professor əlavə edib.

Kamilə Əliyeva qeyd edib ki, müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, suverenliyimiz tam təmin edildi.

“Artıq işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış prosesi sürətlə davam edir, minlərlə soydaşımız doğma yurdlarına qayıdır. Qayıdan sakinlər ən müasir standartlara cavab verən geniş ev və mənzillərlə təmin olunurlar. Sözsüz ki, onların məşğulluq məsələləri də dövlətimiz tərəfindən həll edilir.

Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal və emal müəssisələri yaradılır, sakinlər işlə təmin olunurlar. Yaradılmış aqroparklar regionun aqrar inkişafına böyük töhfə verir. O biri tərəfdən, əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün müraciət edən hər kəsə torpaq sahələri ayrılır”, – deyə sabiq deputat bildirib.

Professor Kamilə Əliyevanın sözlərinə görə, Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin təkcə ölkəmizdə deyil, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük ali təhsil müəssisələrindən birinə çevrilməsi istiqamətində işlər aparılır.

Kamilə Əliyeva hesab edir ki, görülən işlər və gələcəkdə həyata keçiriləcək böyük layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın rifahı daha da yüksələcək, həmin ərazilər ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »