NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ-ın nüvə çətiri Avropada təhlükəsizliyin “mütləq təminatçısıdır” və onun fikrincə, bu vəziyyət gələcəkdə də davam edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Rütte "Welt am Sonntag" qəzetinə müsahibəsində qeyd edib.
“ABŞ-ın nüvə çətiri burada, Avropada təhlükəsizliyin mütləq təminatıdır və mən əminəm ki, bu belə də qalacaq”, – deyə NATO rəhbəri vurğulayıb. O əlavə edib ki, Fransa və Böyük Britaniyanın nüvə arsenalı da çəkindirici təsirə malikdir və alyansın ümumi təhlükəsizliyinə töhfə verir.
Baş katibin sözlərinə görə, NATO-nun nüvə çəkindirmə siyasəti kollektiv müdafiənin güclü və həyati əhəmiyyətli tərkib hissəsi olaraq qalır. Bu sistem nüvə və adi silah imkanlarının, eləcə də raketdən müdafiə vasitələrinin düzgün balansına əsaslanır və kosmik və kiber potensialla tamamlanır.
Fransa prezidenti Emmanuel Macron martın 2-də bəyan edib ki, səkkiz Avropa dövləti Parislə birgə nüvə çəkindirmə sahəsində əməkdaşlıq etmək istədiyini bildirib. Onun sözlərinə görə, bu ölkələrə Almaniya, Böyük Britaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarka daxildir.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə martın 3-də keçirilən mətbuat konfransında bu təşəbbüsü şərh edərək, nüvə silahlarının yayılması probleminin nəzarətdən çıxma riskinin artdığını qeyd edib.
Bizimyol.info






