ABŞ və İran hakimiyyətlərinin münaqişənin başa çatdırılması ilə bağlı razılıq əldə etməsi, böyük ehtimalla, mümkün olmayacaq. Lakin Vaşinqton bu münaqişədə iştirakını dayandıracaq.
Bizimyol.info xəbər verir ki, bu fikri Vaşinqtonda yerləşən Kvinsi Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun icraçı vitse-prezidenti Trita Parisi səsləndirib.
Onun sözlərinə görə, danışıqlarla bağlı nikbin deyil: “Mən razılaşmanın əldə olunacağını düşünmürəm. Güman edirəm ki, nəticədə razılaşma olmadan yeni bir status-kvo formalaşacaq. Bu şəraitdə ABŞ müharibədən çıxacaq, lakin İsrail iştirakını davam etdirəcək”, - deyə bildirib.
Parisi qeyd edib ki, İsrail və İran tərəfləri döyüş əməliyyatlarını davam etdirə bilər, lakin ABŞ prezidenti Donald Tramp bu vəziyyətdən özü üçün çıxış yolu tapacaq.
Ekspertin fikrincə, razılaşmanın əldə olunmamasının əsas səbəblərindən biri Livandır. O bildirib ki, Tehran üçün atəşkəs rejiminin Livanı da əhatə etməsi “həyati əhəmiyyət” daşıyır. “İran tərəfinin özləri üçün atəşkəs əldə edib, Livanı kənarda qoymasını təsəvvür etmək çox çətindir. Xüsusilə də indi, şiə təşkilatı “Hizbullah” müharibəyə qoşulduğu bir vaxtda”, – deyə o vurğulayıb.
Parisi əlavə edib ki, Tehranda belə bir narahatlıq da var: əgər müharibə Livanda davam edərsə, bu, yenidən İrana da təsir göstərə bilər.
Ekspert həmçinin bildirib ki, İran baxımından ABŞ administrasiyasının İsrailin Livana zərbələrini dayandıra bilib-bilməməsi Vaşinqton üçün bir növ “sınaqdır”. Onun sözlərinə görə, “əgər ABŞ İsraili cilovlaya bilmirsə, onda ABŞ-la razılaşmanın nə mənası var? Bu halda İsrail müharibələri yenidən başlada bilər və ABŞ da onların başladığı münaqişələrdən kənarda qala bilməz. Belə olan halda nə atəşkəsin, nə də razılaşmanın mənası qalır”.
Sonda Parisi vurğulayıb ki, atəşkəsin hər hansı razılaşmaya gətirib çıxarmayacağına dair bir çox səbəb var və nəticədə yeni status-kvo yaranacaq. Onun fikrincə, əsas mübahisə mövzusu isə məhz Livan olacaq.
Qadir, Bizimyol.info






