İran tükəndirmə xarakterli uzunmüddətli müharibəyə hazırlaşır və gələcəkdə ABŞ və İsrailin zərbələri yenidən bərpa etməyəcəyinə dair zəmanətlər tələb edir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iranlı mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, İran hakimiyyəti mövcud qarşıdurmanı ekzistensial təhlükə kimi qiymətləndirir və möhkəm təhlükəsizlik təminatları, eləcə də sanksiyaların yumşaldılması olmadan hərbi əməliyyatları dayandırmağa hazır deyil. Tehran hesab edir ki, belə şərtlər olmadan əldə olunacaq razılaşma hücumların yenidən başlamasına gətirib çıxara bilər.
Mənbələrin sözlərinə görə, İran uzunmüddətli qarşıdurma strategiyasına üstünlük verir və bununla potensial gələcək hücumların qiymətini rəqibləri üçün artırmağa çalışır. Eyni zamanda, ölkədə münaqişənin uzun müddət davam edə biləcəyi də istisna edilmir.
ABŞ daha əvvəl hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bəyan etsə də, ekspertlər bildirirlər ki, münaqişənin başa çatması təkcə Vaşinqtonun mövqeyindən deyil, həm də Tehranın irəli sürdüyü şərtlərdən asılı olacaq.
Nəşrə məlumat verən mənbələr qeyd edirlər ki, döyüşlərin intensivliyi azalsa belə, İran İsrailə və regiona təzyiqi saxlaya bilər. Bu çərçivədə Hörmüz boğazında gəmiçiliyin bloklanması ilə bağlı təhdidlər də gündəmdə qala bilər.
Qadir, Bizimyol.info






