İsrail polisi Fələstin İslam Hərəkatının şimal qolunun lideri Şeyx Raid Salahı iftar proqramına qatılmaq üçün gəldiyi Şərqi Qüdsdə saxlayıb.
Bizimyol.info xəbər verir ki, İsrailin “Walla” xəbər saytının məlumatına görə, Salah Şərqi Qüdsün Şuafat məhəlləsində saxlanılıb.
Məlumata əsasən, o, “ictimai asayişi poza biləcək davranışlar” şübhəsi ilə sorğu-sual üçün Qərbi Qüdsdə yerləşən “Moskobiyyə” polis mərkəzinə aparılıb. Xəbərdə qeyd olunur ki, Salah yaxın vaxtlarda İsrailin İrana hücumları səbəbilə görülən təhlükəsizlik tədbirləri çərçivəsində bağlanaraq ibadətə məhdudiyyət qoyulan Əl-Əqsa məscidi ilə bağlı çıxış edib və saxlanılmasının bu çıxışla əlaqəli olduğu ehtimal edilir.
Salahın vəkili Xalid Zəbarka bildirib ki, saxlanma “şeyxin təsirli çıxışından qaynaqlanır” və İsrail rəsmiləri bunu “qarışıqlığa səbəb ola biləcək davranışlar” iddiası ilə əsaslandırıblar.
Fələstinli vətəndaş cəmiyyəti təşkilatı “Fələstin Məlumat Mərkəzi” isə qeyd edib ki, Salah iftar proqramına qatılmaq üçün yola düşdüyü zaman şəxsi avtomobilində saxlanılıb. Bu hadisə İsrailin işğal altındakı Qüdsdə lider və fəallara qarşı təzyiqlərinin artdığı bir dövrə təsadüf edir.
Məlumata görə, Şeyx Raid Salah bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb.
Bizimyol.info






