Böyük Britaniya Hörmuz Boğazından keçən gəmilərin qorunması üçün müttəfiqləri ilə variantları müzakirə edir.
Bizimyol.info xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Keir Starmer "Sky News" telekanalının yaydığı mətbuat konfransında bildirib.
“Biz bütün müttəfiqlərimiz, o cümlədən Avropa tərəfdaşlarımızla birlikdə regionda gəmiçiliyin sərbəstliyini mümkün qədər tez bərpa edə biləcək və iqtisadi təsirləri yumşaldacaq effektiv bir kollektiv plan hazırlamaq üzərində çalışırıq”, – deyə Starmer vurğulayıb.
Bununla yanaşı, baş nazir Londondan bu mümkün əməliyyatda iştirak detallarını açıqlamayıb. “Biz bunu tərəfdaşlarımızla, o cümlədən Avropa, Körfəz ölkələri və ABŞ tərəfdaşlarımızla müzakirə edirik. Əlbəttə ki, mümkün variantları nəzərdən keçirməliyik”, – deyə o əlavə edib. Starmer bildirib ki, Böyük Britaniya bu regionda artıq müstəqil mina axtarış sistemlərinə sahibdir.
Fevralın 28-də ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyat başlayıb. Zərbələrə İranın ən böyük şəhərləri, o cümlədən Tehran məruz qalıb. Ağ Ev bu hücumu Tehrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. İran İnqilab Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) bildirdiyinə görə, onlar İsraildə genişmiqyaslı qarşı əməliyyat keçirib. Zərbələr həmçinin Bəhreyn, İordaniya, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ obyektlərinə də dəyib. İran əleyhinə hücumlar nəticəsində ali lider Ayətullah Əli Xameneyi və digər yüksək vəzifəli şəxslər həlak olub.
Martın 2-də İİKK-nin general-mayoru İbrahim Cəbari xəbərdarlıq edib ki, dünyada neft ixracının təxminən beşdə biri keçən Hörmuz Boğazı İsrail və ABŞ-ın İran əleyhinə hərbi əməliyyatları səbəbindən bağlana bilər. Martın 14-də İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb ki, boğaz yalnız ABŞ və İsrail gəmiləri üçün bağlanıb, digər ölkələr isə “təhlükəsizlik səbəbləri” ilə alternativ marşrutları seçir. Yaponiya isə təxminən 90% enerji ehtiyacını Yaxın Şərqdən təmin edir. Hazırda onun tanker və digər gəmilərinin Hörmuz Boğazından keçişi dayandırılıb.
Qadir, Bizimyol.info






