Əfqanıstan rəhbərliyinin sözçüsünün müavini Həmdullah Fıtrat Pakistanla silahlı qarşıdurmanın Kabil üçün heç vaxt ilk seçim olmadığını bəyan edib.
Bizimyol.info xəbər verir ki, Kabildə fəaliyyət göstərən "Tolo News"un məlumatına görə, Fıtrat bildirib ki, Pakistanın hücumları nəticəsində 110 nəfər ölüb, 123 nəfər yaralanıb. Müxtəlif vilayətlərə endirilən zərbələr zamanı yüzlərlə ev dağılıb, 8 mindən çox ailə didərgin düşüb.
Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü İnayətullah Xəvarəzmi isə qarşı tərəfdə təxminən 150 hərbçinin öldürüldüyünü, 35 təhlükəsizlik məntəqəsinin hədəfə alındığını açıqlayıb. O, həmçinin 28 əfqan əsgərinin həlak olduğunu, 42-nin yaralandığını bildirib.
Pakistan fevralın 22-də sərhəd xətti boyunca “terror düşərgəsi” adlandırdığı 7 nöqtəyə zərbə endirdiyini bəyan etmişdi. Kabil isə buna “uyğun və ölçülü cavab” veriləcəyini açıqlayıb.
Rəsmi İslamabad 2021-ci ildə Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstandan Pakistan Talibanına (TTP) qarşı tədbir görməsini tələb edir. Əfqanıstan isə TTP-nin öz ərazisində fəaliyyət göstərmədiyini bildirir.
Bizimyol.info






