Dünya siyasəti illərdir bir sualın cavabını axtarır. Donald Trumpı kim dayandıra bilər? Konqres bacarmadı, diplomatiya bacarmadı, beynəlxalq təzyiqlər bacarmadı, hətta Twitter də bəzən kifayət etmədi. Amma görünür, geopolitikanın ən güclü silahı indi tapılıb ailə münasibətləri.
Türkiyədə yaşayan və Trampın bioloji qızı olduğunu iddia edən Necla Özmen səhnəyə çıxaraq qlobal siyasətin istiqamətini dəyişə biləcək tarixi müraciət edib: “Atam, başqa ölkələrin daxili işlərinə qarışma, öz ölkəni inkişaf etdir”.
Politoloqlar şokdadır. Onlar illərlə strategiya kitabları oxuyub, beynəlxalq münasibətlər nəzəriyyələri yazıb, güc balansı modelləri qurublar. Halbuki məsələ bu qədər sadə imiş. Ata ilə oturub sakitcə söhbət etmək.
Analitiklər hesab edir ki, əgər bu model uğur qazansa, dünya diplomatiyasında yeni institut yaradıla bilər. Ailə üzvləri üzrə baş müşavir, ana tərəfindən sanksiyaların yumşaldılması komissiyası, qohum-əqrəba vasitəçiliyi ilə regional sabitlik proqramı və s. Bəzi müşahidəçilər isə bildirir ki, Trampın siyasi qərarlarının qarşısını almağın yeganə yolu “ata, eləmə” cümləsinin doğru intonasiya ilə deyilməsidir.
Sosial şəbəkələrdə artıq yeni diplomatik doktrina müzakirə olunur: “Ailə əsaslı geosiyasət”. Bu doktrinaya görə, beynəlxalq böhranlar sammitlərdə deyil, ailə süfrəsi arxasında həll ediləcək. Gərgin danışıqlar zamanı tərəflərə çay süzüləcək, sonra da kimsə deyəcək: “Ay bala, dava etməyin”.
Əgər iddialar doğrudursa və bu “ata-qız diplomatiyası” işləyərsə, dünya tarixində yeni dövr başlaya bilər. Əgər işləməzsə, heç olmasa dünya bir müddət gülümsəyəcək. Çünki siyasət nə qədər ciddi görünsə də, bəzən onu izah etmək üçün ən uyğun janr satiradır. Və bəlkə də doğrudan da, dünya liderlərinin bacarmadığını yalnız “qızı” bacarar.
Leyla Mirzə, Bizimyol.info






