Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəddafinin oğlu Liviyada güllələnərək qətlə yetirilib
Qəddafinin oğlu Liviyada güllələnərək qətlə yetirilib

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Səif əl-İslam Qəddafi Liviyada öldürülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə onun vəkili və siyasi müşaviri sosial şəbəkələrdə məlumat yayıblar.

Yerli medianın bildirdiyinə görə, silahlı şəxslər Tripolidən 136 kilometr cənub-qərbdə yerləşən Zintan şəhərində Qəddafinin evinə hücum edərək onu qətlə yetiriblər. Siyasi komandasının açıqlamasında dörd maskalı şəxsin evə soxulduğu və hadisənin “sui-qəsd” olduğu qeyd olunub.

Beynəlxalq aləmdə tanınan Ali Dövlət Şurasının keçmiş sədri Xalid əl-Mişri qətlin dərhal və şəffaf şəkildə araşdırılmasına çağırıb.

İlkin araşdırmadan sonra Liviya Baş Prokurorluğu Seyf əl-İslamın güllə yarasından öldüyünü təsdiqləyib.

"Qurbanın odlu silahla öldürüldüyü müəyyən edildi", - deyə idarənin "Facebook" səhifəsində dərc olunmuş açıqlamasında bildirilir.

Hüquq-mühafizə orqanları dəlil axtarmağa, şübhəli şəxsləri müəyyən etməyə və cinayət işi açmaq üçün lazımi sənədləri hazırlamağa başlayıb.

1972-ci ildə Tripolidə anadan olan Səif əl-İslam Qəddafi uzun illər atasının əsas siyasi fiqurlarından biri hesab olunurdu. O, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra həbs edilmiş, 2017-ci ildə azadlığa buraxılmışdı.

Səif əl-İslam Qəddafi 2011-ci il hadisələri ilə bağlı insanlığa qarşı cinayətlərdə ittiham olunmuş, BMT sanksiya siyahısına salınmış və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda idi. 2015-ci ildə Tripoli məhkəməsi onu qiyabi olaraq edam cəzasına məhkum etmişdi.

2021-ci ildə prezident seçkilərində namizədliyini irəli sürməsi Liviyada geniş etirazlara səbəb olmuş və seçki prosesinin dalana dirənməsində əsas amillərdən biri sayılmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »