İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycana gəlib. Həm də ABŞ-ın İrana qarşı hərbi əməliyyatı ərəfəsində.
Ondan iki gün əvvəl İranın müdafiə naziri Bakıda idi, ABŞ İranı vuracağı halda müharibənin İran sərhədlərini aşacağı haqda təhdidli bəyanat vermişdi.
İsrailli nazir Saar isə Şəhidlər Xiyabanını və Hərbi Qənimətlər Parkını ziyarət etdi. Bu addımın mənası o deməkdir ki, İsrail dost və müttəfiq kimi Azərbaycanın təhlüləsizliyinə xüsusi önəm verir və yanındadır.
Əlbəttə, nazirlə birgə İsraildən çoxlu iş adamı gəlib, Biznes Forum keçirilib, iqtisadi-ticarət sahələri üzrə sənədlər imzalanıb. Bunlar öz yerində. Ancaq səfərin əsas gündəliyi Gideon Saarın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə müzakirə olunub və kulminasiya isə Prezident İlham Əliyevin İsrailli naziri qəbul etməsi olub.
Azərbaycan tərəfi ilə görüşlərdə nazir Saar çox məsələləri müzakirə edib. Onların arasında Azərbaycanla Ermənistan arasındakı sülh prosesi də var. İsrail bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyinin yanında olub. İndiki mərhələdə isə rəsmi Təl-Əviv sülh prosesinə tam dəstəyini ifadə edib.
Təbii ki, İranda gedən proseslərdən çox şey asılıdır; ABŞ-İran qarşıdurmasının aktiv fazaya keçəcəyi halda bunun bölgəyə mənfi təsirləri ola bilər. Azərbaycanı həmişə bu perspektiv narahat edir. Rəsmi Bakı bütün qonşu ölkələrdə sabitliyin tərəfdarıdır. Bu, xüsusilə İrana aiddir, çünki həmin ölkədə on milyonlarla Azərbaycan türkü, etnik Azərbaycanlı yaşayır. Azərbaycan daha əvvəlki 12 günlük müharibə dövründə də, indi də İranın ərazi bütövlüyünü dəstəkləməkdə davam edib. Eyni zamanda İranda gedən daxili prosesləri də diqqətlə izləyit, İranda, o cümlədən, İranın Azərbaycanlılar yaşaya əyalətlərində həlak olanların və yaralananların olması vicdanı olan hər kəsi narahat edir.
Əlbəttə ki, müttəfiqlər İranla qonşu olan, İran böhtanının nəticələrindən təsirlənə biləcək Azərbaycana dəsrək verməyə hazır olduqlarını göstərirlər. Ancaq Azərbaycan da öz növbəsində əvvəla, İranın daxili məsələlərini öz dövlətinin, öz xalqının həll etməsinə tərəfdardır, ikincisi, Yaxın Şərqdəki qarşıdurmaların danışıqlar ilə nizamlanmasını istəyir. İranın bütöv, ancaq sabit ölkə kimi qalmasını istəyir.
Azərbaycanın bu məsələdə də tutduğu mövqe tamamilə milli maraqlara, ölkənin və bölgənin təhlükəsizliyinə yönəlib. Azərvaycan İranda insanların, o cümlədən, Azərbaycan türklərinin öldürülməsinə qarşıdır, amma həm də İranda uzunmüddətli qeyri - sabitliyin risklərini də nəzərə alır. Azərbaycan istər ölkənin içində, istərsə də, kənardan İrana hərbi müdaxilə çağırışlarını dəstkləməyib. Bu mövqedə də qalır.





Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

