Azərbaycan musiqisinin və kino sənətinin unudulmaz simalarından biri, Xalq artisti Mirzə Babayevin doğum günüdür. Mirzə Babayev estrada sənətində özünəməxsus iz buraxmış sənətkardır.
Bizimyol.info portalı xəbər verir ki, Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakının Maştağa kəndində dünyaya gəlib.

Mirzə Babayev 40-dan çox filmə çəkilib. Eyni zamanda filmlərdə musiqi ifa edib. Bir çox ekran əsərlərində isə ümumiyyətlə görünmədən yalnız mahnı ifaçısı kimi iştirak edib.
Mirzə Babayev uzun illər ərzində incəsənətin inkişafına göstərdiyi xidmətlərə görə bir sıra nüfuzlu mükafat və fəxri adlarla təltif olunub. O, “Xalq artisti” adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib, iki dəfə “Humay” mükafatının laureatı olub. Bundan əlavə, sənətkar Prezident təqaüdünə layiq görülüb.
Azərbaycan musiqi və kino tarixində özünəməxsus iz qoyan Mirzə Babayev 13 yanvar 2003-cü ildə dünyasını dəyişib. Görkəmli sənətkar II Fəxri xiyabanda dəfn olunub.
Mirzə Babayev haqqında Bizimyol.info xəbər portalına danışan tanınmış rejissor və aktyor Rövşən İsax bildirib ki, Mirzə Babayev Azərbaycan kinosunda baş rolların aktyoru olmayıb. Yəni filmin mərkəzində dayanmayıb, amma çəkildiyi bütün filmlərdə yadda qalıb.
“Xatırlayıram, onun “Sən niyə susursan?” filmindəki milis işçisi, “Qayı” işçisi rolunu. Yaxud “Dəli Kür” filmindəki obrazını. Onun Azərbaycan kinosundakı rollarını mən öz adıma xatırlayanda həcminə görə yox, çəkisinə görə xatırlayıram. “Telefonçu qız” filmində onun yaratdığı obraz, oxuduğu mahnı və yaxud “Məşədi İbad” obrazının mahnılarını ifa etməsi yadda qalan məqamlardandır”, - deyə Rövşən İsax bildirib.
Rövşən İsax deyib ki, Mirzə Babayevi Azərbaycan kinosu adına obrazlarının sayı ilə yox, sanbalı ilə xatırlamaq lazımdır: “Onun oyununu böyük hissəsini aktyor oyununa görə yox, aktyor mədəniyyətinə, onun intellektinə və zövqünə görə götür-qoy edirəm”.
Rövşən İsax əlavə edib: “Mənim fikrimcə, Mirzə Babayev Azərbaycan kinosunun sütunlarından olmasa da, o sütunları bir-birinə bağlayan bir bağ olub. O Azərbaycan kinosunda çox görünən yox, ancaq görünəndə unudulmayan aktyorlardan biri olub”.
Allah ruhunu şad eləsin!
Günel Həsənova, Bizimyol.info






