Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət qurumları eyni şirkətə milyonlar verir: bu dəfə növbə “Bakı metropoliteni”nindir
Dövlət qurumları eyni şirkətə milyonlar verir: bu dəfə növbə “Bakı metropoliteni”nindir

İnformasiya texnologiyaları sahəsində xidmət ucuz deyil. Amma bəzi tenderlərin maliyyə münasibətləri istənilən halda təəccüb doğurur. Rəqəmlər çox böyük görünür. Tenderlərlə bağlı şəffaf olmayan mühit həmişə bu məsələyə diqqəti artırır.

Bizimyol.info xəbər verir ki, informasiya təhlükəsizliyi ilə məşğul olan “SmartIT” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tenderlərdə asanca qalib adını qazanır. Bir çox dövlət qurumlarının elan etdiyi müsabiqələrdə şirkət rəqib tanımır.

Adıçəkilən şirkət bugünlərdə “Bakı Metropoliteni”nin elan etdiyi tenderin də qalibi elan olunub. Metropoliten rəhbərliyi informasiya təhlükəsizliyinin gücləndirilməsinə dair xidmətin satın alınması üzrə 601 min 879 manatlıq satınalma müqaviləsini SmartIT” MMC ilə bağlamaq qərarı verib.

Hələ 2022-ci ildə Azərbaycan Mərkəzi Bankı informasiya təhlükəsizliyi sistemləri üzrə lisenziyaların müddətinin 1 il uzadılması və dəstəklənməsi ilə bağlı elan etdiyi açıq tenderə 1 milyon 227 min manat ayırmışdı. Tenderin qalibi “SmartIT” olmuşdu.

Şirkət Mərkəzi Bankla növbəti anlaşmanı bundan üç il sonra – 2025-ci ildə imzalamışdı. Banka “Palo Alto” avadanlıqları və lisenziyaları satılmışdı. Mərkəzi Bank bunun üçün 510 min 809 manat ödəmişdi.

“Palo Alto” avadanlıqları informasiya təhlükəsizliyinin təmin olunmasında istifadə edilən şəbəkə təhlükəsizliyi cihazlarıdır. Bu avadanlıqları “Palo Alto Networks” adlı ABŞ şirkəti istehsal edir.

“Azərbaycan Dəmir Yolları”nın da tenderi heç kimi təəccübləndirməmişdi. Üç il əvvəl qalib yenə “SmartIT” olmuşdu. Satınalma müqaviləsinin dəyərinin 4 milyon 307 min manat olduğu bildirilmişdi. Bu məbləğ İKT təhlükəsizlik məhsullarının və lisenziyaların yenilənməsi üçün ayrılmışdı.

“SmartIT” haqqında çox məlumat yoxdur. Şirkət 2016-cı ildə yaradılıb. Saytlarında yazılıb ki, informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərməklə ölkənin ən iri şirkətlərinin müdafiəsini təmin edirlər. Siyahı verilib, həqiqətən də, burada xeyli dövlət qurumu, iri şirkətlər və banklar gözə dəyir. Yəni tenderlərin ənənəvi qalibi artıq böyük oyunçu sayılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »