Bakıda bir kişi arvadının əlini qızdırılmış açarla yandırıb. Səbəb? Onun “icazəsiz” qapı açması. Xalasını evə buraxması. Bu cümlələri oxuyanda adamın ağlı durur. XXI əsrdə, paytaxtda, insan evində, “ailə” deyilən məkanda belə vəhşilik baş verir.
İstintaq materialları quru dildə yazılıb: “fiziki ağrı”, “psixi iztirab”, “II dərəcəli termik yanıq”. Amma bu terminlərin arxasında bir qadının qışqırığı var. Səsinin eşidilməməsi üçün ağzı tutulmuş bir qadının. Qaz sobasında qızdırılmış açarla cəzalandırılan bir insanın. Bu, sadəcə məişət mübahisəsi deyil. Bu, nə də “ailə daxili məsələdir”. Bu, açıq-aşkar işgəncədir. Qadına qarşı zorakılığın ən qəddar formalarından biridir.
Daha dəhşətlisi isə odur ki, bu hadisə ilk deyil. Və təəssüf ki, son da olmayacaq.
Azərbaycanda qadınlara qarşı zorakılıq çox zaman qapalı qapılar arxasında qalır. Qonşular eşitmir, qohumlar “ailə sirridir” deyir, cəmiyyət isə susur. Susduqca da zorakılıq normallaşır. Döymək “tərbiyə”, söymək “qısqanclıq”, yandırmaq isə “əsəbdən olub” kimi təqdim edilir.
Bu hadisədə kişi özünü “haqlı” sayır. Çünki onun düşüncəsində qadın ona məxsusdur. Qapını kimə açacağını belə özü müəyyən etməlidir. Bu düşüncə tərzi təkcə bir şəxsin problemi deyil bu, cəmiyyətin bəslədiyi patriarxal zehniyyətin məhsuludur.
Biz qadınlara “səbirli ol”, “ailəni dağıtma”, “uşaqlar var” deməklə zorakılığın şəriklərinə çevrilirik. Biz “ayıbdır” deyib susduqca, kimsə qaz sobasında açar qızdırır.
Qanun var. Amma bəs icra? Bəs qoruma mexanizmləri? Bəs bu qadın sabah yenə eyni evə qayıdacaqmı? Qayıdacaqsa, onu kim qoruyacaq?
Qadınlara qarşı zorakılıq təkcə hüquqi məsələ deyil, bu, vicdan məsələsidir. Bu, cəmiyyətin hansı tərəfdə durduğunu göstərən kompasdır.
Bu gün yandırılan bir əldir, sabah başqa bir qadının həyatı ola bilər. Susmaq da zorakılıqdır. Buna son deməyin vaxtıdır.
Leyla Mirzə, Bizimyol.info






