Ermənistanın Baş naziri Nikol Paşinyan cari ilin sonunadək ölkənin yeni konstitusiya layihəsinin dərc olunacağını bildirib.
Bizimyol.info xəbər verir ki, Ermənistan hökumətinin başçısı bu barədə jurnalistlərlə söhbətində deyib.
“Dəqiq vaxt deməyəcəyəm, amma ilin sonunadək layihəni açıqlayacağıq”, — deyə o bildirib.
Paşinyan deyib ki, sənəd daha əvvəl ictimaiyyətə təqdim olunmayıb. Buna səbəb növbədənkənar parlament seçkilərinin araya girməsi olub. O bildirib ki, layihə ilə bağlı müzakirələrin lazımi səviyyədə keçirilməsi üçün yeni əsas qanun layihəsinin açıqlanma müddətinin təxirə salınması qərara alınıb.
Daha əvvəl baş nazir Ermənistan vətəndaşları ilə “üzvi şəkildə bağlı olacaq” yeni konstitusiyanın qəbul edilməsini siyasi məqsəd kimi qarşıya qoyduğunu açıqlamışdı.
Müxalifət hökumət başçısını Azərbaycanın növbəti tələblərindən birini qəbul etməkdə — əsas qanunun mətnindən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasında ittiham edir. Həmin bəyannamədə əvvəllər tanınmamış Dağlıq Qarabağ qurumuna dair qeyd, eləcə də 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin soyqırımı ilə bağlı müddəa yer alıb.
Ermənistan hakimiyyəti isə Bakının tələbi ilə yeni konstitusiyanın qəbuluna getdiklərini təkzib edir.
Bizimyol.info






