Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya niyə miqrasiya qaydalarını sərtləşdirir? Deputat səbəbləri açıqladı
Rusiya niyə miqrasiya qaydalarını sərtləşdirir? Deputat səbəbləri açıqladı

Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılan yeni qanun layihəsi xarici vətəndaşlarla bağlı inzibati məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirməyi nəzərdə tutur. Dəyişiklik qəbul olunarsa, deportasiya ilə nəticələnə biləcək inzibati xətaların sayı 22-dən 45-ə çatdırılacaq. Yeni qaydalar xüsusilə Rusiyada yaşayan və çalışan yüz minlərlə Azərbaycan vətəndaşının hüquqi vəziyyətinə və əmək fəaliyyətinə birbaşa təsir göstərə bilər. Ekspertlər hesab edirlər ki, bu addım Rusiyanın miqrasiya siyasətində daha sərt mərhələyə keçidini nümayiş etdirir.

  • Bu qanun layihəsini Rusiyanın daxili təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək daha doğrudur, yoxsa bu, MDB ölkələrinə və əmək miqrasiyasına yönəlmiş siyasi mesaj xarakteri daşıyır?

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya hökumətinin miqrasiya sahəsində həyata keçirdiyi siyasətin mərhələli şəkildə sərtləşdirildiyi müşahidə olunur və bu, əsasən miqrasiya proseslərinin daha effektiv idarə olunmasına yönəlmiş yeni yanaşmanın tərkib hissəsi kimi təqdim edilir.

"Ən azından Rusiya rəsmiləri məsələyə məhz bu cür yanaşmağa çalışırlar. Bu, müəyyən mənada başadüşüləndir. Çünki miqrantlarla bağlı mövcud qaydalar və onlardan irəli gələn məsuliyyət mexanizmləri bir qədər liberal görünür. Bu səbəbdən də həmin imkanlardan sui-istifadə etmək istəyən miqrantların sayı kifayət qədər çoxdur.

Bəzi hallarda insanlar uzun müddət qanunsuz miqrant statusunda yaşayır və bu müddətdə müxtəlif inzibati xətaların törədilməsində iştirak edirlər. Buna görə də hökumət hesab edir ki, inzibati məsuliyyətin artırılması üçün əvvəlcə inzibati xətaların sayının artırılması və ya inzibati çərçivələrin daha da daraldılması istiqamətində addımlar atılmalıdır. Onların qənaətincə, bu halda miqrantlar qanunlara daha ciddi riayət edəcək və hüquqa uyğun davranacaqlar.

Amma təcrübə göstərir ki, istənilən sərtləşdirmə və istənilən məhdudiyyət miqrantlar tərəfindən mənfi qarşılanır. Hətta ola bilər ki, onlar gələcəkdə bu meyillərin daha da güclənəcəyini düşündükləri üçün tamamilə fərqli qərarlar qəbul etsinlər. Bəzi hallarda öz biznesləri və ya iş fəaliyyətləri ilə bağlı planlarını təxirə salırlar.

Məsələn, son günlər bir sıra MDB ölkələrindən olan miqrantlar arasında belə bir fikir formalaşıb ki, Ermənistandan olan miqrantlara münasibətdə daha sərt yanaşmalar müşahidə olunur. Eyni zamanda, Moldovadan olan miqrantların Rusiya-Ukrayna müharibəsinə cəlb oluna biləcəyi ilə bağlı fikirlər də həmin ölkədən olan miqrantlar arasında ciddi narahatlıq yaradır.

Bu isə onu göstərir ki, miqrantlar baş verən prosesləri rahat qəbul edə bilmirlər və nəticədə daha sərt qərarlar verməyə üstünlük verirlər. Son vaxtlar ünsiyyətdə olduğum Azərbaycandan olan miqrant qrupları da bu vəziyyəti, xüsusilə inzibati xətalar və cərimə sanksiyaları ilə bağlı dəyişiklikləri onlar üçün əlavə başağrısı və problemlər yaradacaq addımlar kimi qiymətləndirirlər. Düzdür, inzibati xətaların sayının artırılması ilə bağlı qanun layihəsi hələ Dövlət Dumasında qəbul olunmayıb. Amma görünən odur ki, qəbul ediləcək” –deyə Azər Allahverənov bildirib.

Deputat vurğulayıb ki, siyasi dairələrdə miqrasiya ilə bağlı sərt yanaşma daha çox ictimai təhlükəsizlik baxımından əsaslandırılır. Lakin burada başqa meyillər də müşahidə olunur.

"Misal üçün, əmək miqrasiyası və vətəndaşlıq məsələləri. Bu da ondan irəli gəlir ki, Rusiya hökuməti ölkə ərazisində yaşayan miqrant qruplarını öz maraqlarına uyğun şəkildə tənzimləməkdə maraqlıdır. Bu səbəbdən bəzi məsələlərdə, məsələn, vətəndaşlıq sahəsində müəyyən yumşaldıcı addımlar atılır. Digər məsələlərdə isə əməkçi miqrantın ölkəyə daha çox fayda verməsi və qanunlara riayət edən bir təbəqənin nümayəndəsi kimi formalaşması üçün daha sərt yanaşmalar tətbiq olunur.

Bunu mesaj kimi dəyərləndirmək istəməzdim. Çünki burada sual yaranır: bu mesaj kimə və hansı məqsədlə verilir? Söhbət ölkə ərazisində yaşayan miqrantlardan gedir və Rusiya hökumətinin miqrantlarla bağlı özünəməxsus yanaşması var."

Deputat vurğulayıb ki, bəzi hallarda bu yanaşma kifayət qədər kəskin şəkildə özünü büruzə verir.

"Amma yenə də bu siyasətin əsasında qanunsuz miqrasiya ilə mübarizə dayanır. Bu mübarizə zaman-zaman daha sərt müstəviyə keçir, bəzi hallarda isə nisbətən yumşaq formada həyata keçirilir.

Məsələn, hazırda Rusiya-Ukrayna müharibəsi və iqtisadi sanksiyalar da bu prosesə təsir göstərir. İstər-istəməz həmin istiqamətlərdə baş verən təlatümlər cəmiyyət daxilində gedən proseslərə, o cümlədən miqrantlara münasibətə də öz təsirini göstərir", - deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »