“2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” kimi elan edilməsi ölkənin inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar şəhərsalmanın artıq təkcə memarlıq və tikinti fəaliyyəti ilə məhdudlaşmadığını, iqtisadi inkişafın, investisiya mühitinin və sosial rifahın formalaşmasında mühüm rol oynayan strateji sahəyə çevrildiyini göstərir. Müasir dövrdə şəhərlər iqtisadi aktivliyin əsas mərkəzləri kimi çıxış etdiyindən, onların planlaşdırılması ölkələrin uzunmüddətli rəqabət qabiliyyətinə birbaşa təsir edir”.
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçının fikrincə, beynəlxalq təcrübə də sübut edir ki, səmərəli şəhərsalma iqtisadiyyatın strukturuna təsir göstərən əsas amillərdən biridir: “Düzgün planlaşdırılmış şəhərlər istehsal və xidmət sektorunda məhsuldarlığı yüksəldir, nəqliyyat və logistika xərclərini azaldır, sahibkarlıq üçün daha əlverişli mühit formalaşdırır və investisiya marağını artırır. Beləliklə, şəhərsalma yalnız infrastruktur siyasəti deyil, iqtisadi inkişafın əsas sütunlarından biri kimi çıxış edir”.
Əli SəlimovƏli Səlimov hesab edir ki, Azərbaycan üçün bu yanaşmanın aktuallığı iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi fonunda daha aydın görünür: “Ticarət, turizm, maliyyə və logistika sahələrinin inkişafı şəhər mühitinin keyfiyyəti ilə sıx bağlıdır. Şəhərsalma sahəsində atılan hər addım iqtisadi artım üçün yeni imkanlar yaradır və insan kapitalının daha səmərəli şəkildə formalaşmasına şərait yaradır. 2026-cı ilin məhz bu sahəyə həsr olunması şəhərlərin milli iqtisadi gündəmdəki rolunun artdığını nümayiş etdirir. Bu prosesin mühüm istiqamətlərindən biri azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma tədbirləridir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən müasir urbanistik yanaşmalar şəhərsalma ilə iqtisadi planlaşdırmanın paralel aparıldığını göstərir. Burada məqsəd yalnız yaşayış məntəqələrinin bərpası deyil, istehsal və xidmət sahələri üçün yeni iqtisadi zonaların formalaşdırılması, məşğulluğun artırılması və regionların ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasıdır. Sözügedən ərazilərdə yaradılan şəhər modelləri gələcəkdə Azərbaycanın urbanistik və iqtisadi inkişaf baxışını əks etdirən praktik nümunə rolunu oynaya bilər”.
Əli Səlimov qeyd edib ki, 2026-cı ildə WUF 13-ün Azərbaycanda keçirilməsi planı da xüsusi diqqət çəkir: “WUF qlobal miqyasda şəhərlərin davamlı inkişafı, urbanizasiya və iqtisadi planlaşdırma mövzularının müzakirə edildiyi aparıcı beynəlxalq platformalardan biri sayılır. Forumun ölkəmizdə təşkili perspektivdə Azərbaycanın qlobal şəhər gündəmində mövqeyini möhkəmləndirə, beynəlxalq ekspertlərin və investorların diqqətini regiona yönəldə bilər.
WUF 13-lə bağlı gözləntilər təkcə imic məsələləri ilə məhdudlaşmır. Tədbir çərçivəsində şəhərsalma sahəsində həyata keçirilən layihələrin beynəlxalq auditoriyaya təqdim olunması, qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi və yeni əməkdaşlıq formatlarının formalaşması mümkündür. Bununla yanaşı, forumun turizm, xidmət sektoru və biznes mühitində əlavə iqtisadi canlanma yaratması da istisna edilmir. Daha geniş mənada isə WUF 13 Azərbaycan üçün şəhərsalmanı milli iqtisadi strategiyanın əsas elementlərindən biri kimi beynəlxalq səviyyədə təqdim etmək imkanı yaradır. Aparılacaq müzakirələr və qurulacaq tərəfdaşlıqlar ölkənin davamlı şəhər modellərinə keçidini sürətləndirə, şəhər iqtisadiyyatının gələcək inkişaf istiqamətlərinə dair yeni baxışlar formalaşdıra bilər. Bu yanaşma şəhərsalmanın artıq daxili planlaşdırma alətindən çıxaraq beynəlxalq iqtisadi mövqelənmənin bir hissəsinə çevrildiyini göstərir”.
İqtisadçının sözlərinə görə, bütün bunlar göstərir ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və WUF 13-ün Azərbaycanda keçirilməsi perspektivi vahid strateji xəttin tərkib hissəsi kimi dəyərləndirilə bilər: “Şəhərsalmanın estetik və texniki çərçivədən çıxaraq iqtisadi inkişafın, investisiya siyasətinin və regional balansın təmin olunmasında aparıcı rol alması ölkənin uzunmüddətli inkişaf məqsədlərinə uyğun gəlir. Qarşıdakı illərdə əsas çağırış bu prioritetlərin real iqtisadi nəticələrə çevrilməsi olacaq və məhz bu proses şəhərlərin Azərbaycanın gələcək inkişaf modelindəki yerini müəyyən edəcək”.
İradə Cəlil, Bizimyol.info






