Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternet və uşaq məhsulları - Zərərli informasiyadan qorunması sahəsində qanunvericilik yenilənir
İnternet və uşaq məhsulları - Zərərli informasiyadan qorunması sahəsində qanunvericilik yenilənir

Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması sahəsində qanunvericiliyin yenilənməsi gündəmə gəlib.

Bizimyol.info xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə çıxış edən komitə nümayəndəsi Seymur Məmmədli bildirib ki, bu istiqamətdə beynəlxalq təcrübə əsasında yeni dəyişikliklər paketi hazırlanır. Onun sözlərinə görə, planlaşdırılan dəyişikliklər yalnız internet mühitini deyil, uşaqlara yönəlik məhsulları da əhatə edəcək. Xüsusilə oyuncaqlar, geyimlər və digər əşyalar üzərində zorakılıq və cinayətkarlığı təşviq edən simvolların yayılmasının qarşısının alınması nəzərdə tutulur. Qeyd olunub ki, bir sıra ölkələrdə bu sahədə artıq səmərəli tənzimləmə mexanizmləri tətbiq edilir.

Komitə rəsmisi diqqətə çatdırıb ki, rəqəmsal məkanda sərhədlərin olmaması uşaqlar üçün riskləri daha da artırır. İnternet vasitəsilə istənilən ölkənin rəsmi və qeyri-rəsmi resurslarına çıxış imkanının həm üstün, həm də ciddi mənfi tərəfləri mövcuddur. Bu risklərdən ən çox zərər görən isə uşaqlardır.

Bildirilib ki, hazırda Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı mövcud qanunvericilikdə zərərli informasiyanın yayılmasına qarşı müddəalar yer alsa da, rəqəmsal reallıqlar yeni yanaşmalar tələb edir. Bu çərçivədə informasiya məhsullarının istifadəyə buraxılmazdan əvvəl yaş kateqoriyaları üzrə təsnifatlaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Seymur Məmmədli eyni zamanda internet asılılığının uşaqlar üçün əsas təhlükələrdən birinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda valideynlərin xüsusilə ev işləri ilə məşğul olan anaların uşaqlara mobil tətbiqlərdən nəzarətsiz istifadə imkanı yaratması sosial və psixoloji problemlərə səbəb olur. Nəticədə uşaqlarda ünsiyyətdən uzaqlaşma və sosiallaşma çətinlikləri müşahidə edilir.

Qeyd olunub ki, hazırlanacaq qanun dəyişiklikləri uşaqlar üçün daha təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, həmçinin valideyn, dövlət və cəmiyyət məsuliyyətinin gücləndirilməsinə xidmət edəcək.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »