Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda smartfonlardakı məcburi geolokasiya izləməsi təklifi narazılıq doğurub
Hindistanda smartfonlardakı məcburi geolokasiya izləməsi təklifi narazılıq doğurub

Hindistan hökuməti telekommunikasiya sektorunun irəli sürdüyü bir təklifi nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu təklif istehsalçıları smartfonlarda "A-GPS" vasitəsilə daimi peyk izləməsini aktiv şəkildə saxlamaya məcbur edə bilər. Lakin təşəbbüs "Apple", "Google" və "Samsung" kimi nəhənglərin ciddi etirazı ilə qarşılanıb. Şirkətlər bunun məxfilik üçün böyük təhlükə yaradacağını bildirirlər.

Narendra Modi hökumətinin bu həftə ləğv etdiyi, dövlətin kibertəhlükəsizlik tətbiqinin məcburi şəkildə əvvəlcədən quraşdırılmasını nəzərdə tutan sərəncam ətrafında yaranan qalmaqal fonunda daha da kəskinləşib. Sənəd siyasətçilər və hüquq müdafiəçiləri tərəfindən “izləmə riski” kimi qiymətləndirilərək kəskin tənqid olunmuşdu.

Hökumətin əsas iddiası ondan ibarətdir ki, hüquq-mühafizə orqanları hazırda sadəcə olaraq mobil operator antenalarına əsaslanan təxmini yer məlumatı əldə edə bilir və bu məlumatlar bir neçə metr səhv göstərə bilər. "Reliance Jio" və "Bharti Airtel" kimi operatorları birləşdirən "COAI Assosiasiyası" problemin həlli kimi bütün cihazlarda "A-GPS" funksiyasının məcburi şəkildə daimi aktivləşdirilməsini təklif edib. Rəqəmsal Texnologiyalar Nazirliyinin iyunda göndərdiyi daxili məktubda qeyd olunurdu ki, bu tələb geolokasiya xidmətlərinin istifadəçilər tərəfindən söndürülə bilməyəcəyi mənasına gəlir.

"Apple", "Google" və "Samsung" bu yanaşmaya qarşı çıxıblar. Məsələyə yaxın mənbələrin bildirdiyinə görə, "Google" artıq Yeni Dehliyə belə bir tədbirin məcburi edilməməli olduğunu çatdırıb. "Apple" və "Google"un maraqlarını təmsil edən ICEA lobbi qrupu hökumətə göndərdiyi məktubda bu addımın “tənzimləyici səlahiyyətlərin aşılması” sayılacağını vurğulayıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, "A-GPS"in məcburi tətbiqi faktiki olaraq vətəndaşların daimi izlənməsinə imkan verən sistem yaradacaq.

“Bu təklif telefonların xüsusi izləmə cihazına çevrilməsinə yol açacaq,” — deyə Böyük Britaniya Mühəndislik və Texnologiya İnstitutunun nümayəndəsi Cunad Əli bildirib.

Hindistan dünyada smartfon bazarına görə ikinci ən böyük ölkədir. 2025-ci ilin ortalarına olan statistikaya əsasən ölkədə 735 milyon smartfon var və onların 95 faizdən çoxu Android əməliyyat sistemində işləyir.

Daimi peyk izləməsinin tətbiqi ilə bağlı yekun qərar isə hələ verilməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »