Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib. “Qafqazinfo” xəbər verir ki, satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub. Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub. Texnobloqer Fərid Pərdəşünas satışların 1 dəqiqəyə başa çatdığını yazıb. Onun sözlərinə görə, bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildiriblər. Sosial şəbəkələrdə insanlar tərəfindən xeyli etirazlar, narazılıqlar, informasiya sisteminin fəaliyyətinə ciddi iradlar, təkliflər və rəylər qeyd olunub.
Eyni zamanda Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti məlumat yayıb. MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb. Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar. Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.
MİDA-nın bu günlərdə keçirdiyi onlayn satış zamanı sistemin qısa müddətli çökməsi və texniki problemlərlə bağlı narazılıqlar səslənir. Belə halların təkrar olunması və ictimai nəzarətin zəif təşkil olunması fonunda bu tip satışlarda şəffaflıq və ədalət prinsipinin qorunması üçün hansı əlavə mexanizmlər tətbiq olunmalıdır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Əkrəm Həsənov bildirib ki, hər dəfə satış baş verəndə eyni problem ortaya çıxır.
Əkrəm Həsənov“Bu problem birinci dəfə deyil, hər dəfə satış baş verəndə eyni problem ortaya çıxır. Nə etmək lazımdır ki, insanlar etibar etsin? İlk növbədə, ictimai nəzarət orqanı yaradılmalıdır. Bu qurum, cəmiyyətin etimadını qazanan şəxslərdən ibarət olmalıdır. Düzdür, deyə bilərlər ki, dövlət orqanlarının və nazirliklərin nəzdində ictimai şuralar var, amma hamıya məlumdur ki, çox vaxt bu şuralarda elə dövlətə yaxın şəxslər təmsil olunur. Ona görə də burada həm dövlət qurumlarına yaxın olanlar, həm də tam müstəqil şəxslər yer almalıdır. Belə olduqda insanlar əmin olarlar ki, bu şəxslər həqiqəti deyəcəklər.
İkincisi, proses zamanı videokamera sistemi tətbiq olunmalıdır. Prosesin necə baş verdiyi ictimaiyyətə açıq şəkildə göstərilməlidir Hazırda mənim qeyd edə biləcəyim əsas təkliflər bunlardır”-deyə Əkrəm Həsənov qeyd edib.
Günel Həsənova, Bizimyol.info






