Ötən həftə Floridada Ukrayna və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra sülh müqaviləsinin layihəsi hələ yekunlaşdırılmayıb, lakin irəliləyiş əldə edilib. RBC-Ukraine məlumatlı mənbəyə istinadən xəbər verir ki, danışıqlar Cenevrədə razılaşdırılmış çərçivəyə deyil, ərazi məsələləri və Ukraynanın NATO üzvlüyü də daxil olmaqla problemli məsələlərə yönəlib. Bu arada, ABŞ Rusiyanın Donbasdan qoşunların çıxarılması ilə bağlı mövqeyini Ukraynaya çatdırıb, Ukrayna tərəfi isə bu yanaşmanı qeyri-mümkün adlandırıb və mövqeyinin dəyişməz qaldığını bildirib. Mənbə potensial həll yollarının tapılması prosesini çox mürəkkəb adlandırıb.
Politoloq Qədir Aslan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, NATO-nun Ukraynaya çox böyük ehtiyacı var, bu da faktiki olaraq özünü göstərdi: “İlk dəfə olaraq NATO-dan kənar ya NATO + olaraq beşinci bəndin mexanizmi "PURL proqramı" ilə işə düşdü. Buna "Ukraynanın ehtiyaclarının prioritetləşdirilməsi siyahısı" deyirlər. Birbaşa Ukrayna ilə işləyəcək Vizbadendə NATO qərargahı yaradıldı. Ukrayna NATO silahlarını müəyyən miqdarda, məhdud sayda da olsa aldı. Hələ tam nomenklaturanı almayıb. Bundan başqa NATO dövlətlərinin özündə olmayan, dron texnologiyaları və yüksək texnologiyalarının Ukraynaya gətirilməsi baş verdi və böyük silah korporasiyaları Ukrayna hökuməti ilə müqavilələr imzaladı. Hazırda Ukraynanın ərazisində istehsalla məşğuldurlar. Bunlar hamısı defakto Ukraynanın NATO-ya üzvlüyünü təsdiqləyir, sadəcə qalır sənədin imzalanması. Bu, məsələnin bir tərəfidir”.
“Sadəcə əvvəldən belə yazılıb ki, NATO münaqişədə olan dövlətləri öz çətiri altına almır. Bu səbəbdən də tarixi sənəddən irəli gələn texniki çətinliklər var. Zamanla bu da öz həllini tapacaq”-deyə politoloq qeyd edib.
İradə Cəlil, Bizimyol.info






