Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ödənişlərin artması və sığortalanmış sahələrin genişlənməsi göstərir ki, fermerlərin inamı xeyli yüksəlib"
"Ödənişlərin artması və sığortalanmış sahələrin genişlənməsi göstərir ki, fermerlərin inamı xeyli yüksəlib"

Azərbaycanda təbiətin qəfil və dağıdıcı təsirlərinə qarşı kənd təsərrüfatı sahəsində risklərin idarə olunması istiqamətində mühüm addımlar atılır. Xüsusilə meyvə bağlarının dolu, leysan, şaxta, sel və digər təbii fəlakətlərdən qorunması məqsədilə fermerlərə sığorta imkanları təqdim olunur. Aqrar Sığorta Fondu tərəfindən tətbiq olunan 50%-lik dövlət güzəşti fermerlərin bu mexanizmdən istifadəsini daha əlçatan edib. Son məlumatlara əsasən, fermerlər arasında ən çox maraq taxılçılıq və meyvə bağlarına sığorta üzrə müşahidə olunur, şəkər çuğunduru və kartof sahələri isə daha az diqqət çəkir.

  • Bəs, aqrar sığortanın təsərrüfatçılar üçün real faydası nə qədərdir və fermerlər bu imkanlardan nə dərəcədə istifadə edirlər?
  • Fermerlər arasında sığorta mexanizminə inamsızlıq varmı?
  • Ən az maraq göstərilən sahələr (məsələn, kartof və şəkər çuğunduru) üzrə sığortanın təşviqi üçün hansı tədbirlər planlaşdırılır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, fermerlər arasında tam inamsızlıqdan danışmaq olmaz: “Azərbaycanda aqrar sığorta son illər nəzərəçarpacaq dərəcədə genişlənib və fermerlər üçün real fayda təmin edir. Dövlətin 50% sığorta haqqı güzəşti sistemi daha əlçatan edir və xüsusilə taxılçılıq və meyvə bağları üzrə sığorta marağı sürətlə artır. Bu sahələrdə risklər (şaxta, dolu, leysan, xəstəliklər və s.) daha yüksək olduğundan fermerlər sığortanı bir növ təhlükəsizlik mexanizmi kimi qəbul edirlər.

Sığortanın real faydası əsasən iki istiqamətdə özünü göstərir: risk zamanı zərərin kompensasiya olunması və fermerin maliyyə sabitliyinin qorunması. Son illərin rəqəmləri göstərir ki, sığorta hadisələri zamanı fermerlərə ödənişlərin həcmi artıb və bu da mexanizmə olan ümumi inamı yüksəldir.

Fermerlər arasında tam inamsızlıqdan danışmaq olmaz. Problem daha çox maarifləndirmə çatışmazlığı ilə bağlıdır. Bəzi fermerlər sığortanın necə işlədiyini, hansı riskləri əhatə etdiyini və ya zərər zamanı ödənişlərin necə hesablandığını tam anlamaya bilirlər. Bununla belə, ödənişlərin artması və sığortalanmış sahələrin genişlənməsi göstərir ki, inam əvvəlki illərlə müqayisədə xeyli yüksəlib”.

Akif Nəsirli Akif Nəsirli

Akif Nəsirlinin sözlərinə görə sığorta mexanizmləri barədə məlumat az olduğundan fermerlər sığorta etməyə tələsmirlər: “Kartof və şəkər çuğunduru kimi sahələrdə marağın az olmasının bir neçə səbəbi var. Bu bitkilərin mənfəəti mövsümdən asılı olaraq dəyişə, sığorta haqqı isə fermer üçün əlavə xərclər yarada bilər. Həmçinin bu sahələr üzrə sığorta mexanizmləri barədə məlumat az olduğundan fermerlər sığorta etməyə tələsmirlər. Bu istiqamətdə artıq bir sıra tədbirlər görülür. Aqrar Sığorta Fondu bəzi bitkilər üzrə sığorta şərtlərini yeniləyir, risk zərflərini genişləndirir və daha uyğun tariflər tətbiq edir. Eyni zamanda bölgələrdə maarifləndirmə tədbirləri keçirilir, sığortanın faydası real nümunələrlə izah edilir. Rəqəmsallaşdırılmış sistemlər də təsərrüfatların qeydiyyatını və sığorta prosesini sadələşdirir ki, bu da iştirak səviyyəsini artırır.

Qeyd edim ki, aqrar sığorta fermerlər üçün real faydalı bir mexanizmdir və istifadəsi hər il artır. Daha az maraq göstərilən sahələrdə də sistemin cəlbediciliyini artırmaq üçün addımlar atılır və gələcəkdə bu sahələrdə də iştirakın yüksələcəyi gözlənilir”,-deyə Akif Nəsirli bildirib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »